AMEA-nın əsas binasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, digər rəsmi şəxslər, mərhumun ailə üzvləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək A. Mehdiyevin ölümünü Azərbaycan elmi üçün böyük itki kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda fizika elminin inkişafında A. Mehdiyevin böyük xidmətləri olub:
“Arif Mehdiyev Moskvada təhsil alandan sonra istedadlı alim kimi Bakıya qayıtdı və fizika sahəsinə öz töhfələrini verməyə başladı. Qısa zaman ərzində o, görkəmli alim kimi tanındı, böyük uğurlara imza atdı. Arif Mehdiyev həmçinin Azərbaycanda kosmik tədqiqatların banilərindən idi. Onun etdikləri Azərbaycan elminin uğurudur”.
Mərasimdə çıxış edən Fizika İnstitutunun direktor müavini Cavad Abdinov, akademik Telman Əliyev və başqaları A. Mehdiyevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, A.Mehdiyev 1934-cü ildə Bakıda anadan olub.
Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. A.Mehdiyev 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.
1news.az