Dekabrın 20-də Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası öz işinə başlayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.
Yarmarkada mətbəx nümunələri, əl işləri təqdim edilir. “Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. Yanvarın 10-dək davam edəcək yarmarkada hər gün saat 19:00-dan 21:00-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Təşkilatçılar uşaqları da unutmayıblar. Belə ki, yarmarka günlərində uşaqlar üçün də əyləncəli animasiya proqramı nəzərdə tutulub. Dekabrın 29-dək uşaqlar Şaxta babaya məktub yazaraq finalda mükafat əldə edə biləcəklər.
Yarmarka günlərində, həmçinin müxtəlif əyləncəli müsabiqələr keçiriləcək, qaliblərə hədiyyələr təqdim ediləcək. Eyni zamanda, “Qış qalası” ziyarətçiləri sadəcə öz məlumatlarını daxil edərək iştirakçı olacaqları lotereyada xaricə iki nəfərlik səyahət bileti qazanmaq şansı əldə edəcəklər.
“Qış qalası”nın ilk günü gənc ifaçılar bayram tədbirini açıq elan edəcəklər.
1news.az