Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsi çərçivəsində həyata keçirilən təlimlər davam edir.
1news.az-a Birlikdən verilən xəbərə görə, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin növbəti təlimləri Mingəçevir Gənclər Evində baş tutub.
Universitet və kollec tələbələrini əhatə edən təlimlərin məqsədi iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə nəzəri və təcrübə təlimləri təşkil etməklə ətraflı məlumatlandırmaqdır.
Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, layihənin növbəti hissəsində təlimlər zamanı fəal iştirak edən gənclər qazandıqları təcrübələrini sərgiləmək üçün xarici dil təlimlərinə cəlb olunacaqdır. Bununla paralel olaraq onlar üçün bir sıra mədəniyyət və turizm ocaqlarına infoturlar, təcrübə proqramları nəzərdə tutulub.
Üç ay davam edəcək layihəni uğurla başa vuran gənclərə diplomlar veriləcək.
1news.az