2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilən Bakı sərnişin stansiyasında təmir-tikinti işləri son mərhələdədir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a verilən məlumata görə, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür.
Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.
Əsaslı təmirdən sonra burada inzibati otaqlar, ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.
Onu da qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində ASAN XİDMƏT fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-FI sistemindən istifadə edəcəklər.
Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.
Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib.
1news.az