Bakı və Naftalan arasında sürətli qatar xidmətləri göstəriləcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Naftalan nefti əsasında sağlamlıq məhsullarının hazırlanması üzrə müvafiq tədbirlər görüləcək.
Bundan başqa, Qalaaltı, Naftalan və Duzdağda restoran, kafe və əyləncə xidmətləri kimi turistlər üçün cəlbedici yerlərdə və sağlamlıq mərkəzlərində, mövcud yerləşdirmə alternativlərində yeniliklər etmək üçün tədbirlər planının hazırlanması məqsədilə Turizm Şurası tərəfindən bütün aidiyyəti tərəflərlə görüşlər təşkil ediləcək. Görüşlərin nəticəsinə uyğun olaraq, yerli və xarici investisiya qoyuluşları üçün lazımi şərait yaradılacaq.
Yol xəritəsində bildirilir ki, sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə 2017-2018-ci illərdə Bakıdan Naftalanadək avtomobil, qatar və avtobus əlaqəsi gücləndiriləcək. Belə ki, Bakı ilə Naftalan arasında sürətli və yüksək keyfiyyətli avtobus və qatar xidmətlərinə başlamaq üçün aidiyyəti dövlət müəssisələri arasında Turizm Şurası vasitəsilə əməkdaşlıq əlaqələri qurulacaq. Səyahət agentlikləri vasitəsilə müvafiq koordinasiya qurulmaqla nəqliyyat vasitələri üçün biletlərin mehmanxanalarda təklif edilən sağlamlıq müalicə paketləri (“beauty treatments”) ilə birlikdə satışı həyata keçiriləcək. Büro tərəfindən müxtəlif növ broşürlər çap edilməklə, turizmin formasiya mərkəzləri, yerli kanallar və turizm agentlikləri vasitəsilə həftəiçi və həftəsonu sağlamlıq turizminin və nəqliyyat alternativlərinin təqdimatı keçiriləcək.
Bu prioritetin tətbiqi üçün təxminən 15 milyon manat həcmində birdəfəlik investisiya qoyuluşu tələb edilir.