Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində yeni regional turizm peşə məktəblərinin yaradılacaq.
1news.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
Strateji Yol Xəritəsində qeyd edilib ki, Turizm Şurası aidiyyəti dövlət qurumlarının, turizm təhsili müəssisələrinin, özəl sektorun, vətəndaş cəmiyyətinin, Milli Turizm Təbliğat Bürosunun iştirakı ilə turizm sahəsində peşə təhsili və təlimi proqramları ilə bağlı işlərin əlaqələndirilməsi məqsədilə işçi qrup yaradacaq. İşçi qrupu tərəfindən Yerli və xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər işə cəlb ediləcək və təlimçilərin potensialının artırılması məqsədilə “təlimçilər üçün təlim” yanaşması tətbiq ediləcək.
Bundan sonra digər ölkələrin təcrübəsindən yararlanmaqla, sektorda yeni və təcrübəli əməkdaşlar üçün təlim modulları müəyyən ediləcək. Hədəf ölkələrin dillərinin öyrənilməsi üçün dil kurslarının təşkilinə xüsusi diqqət yönəldilməsi nəzərdə tutulub. Daha çox Qəbələ və Quba kimi turizm regionlarında iri mehmanxanalarla əməkdaşlıq etməklə, pulsuz və ya uyğun qiymətə dil, qonaqlama və yerli ixtisas kursları təşkil ediləcək. Mövcud təhsil müəssisələrində turizm ixtisası üzrə illik kvota və turizm sahəsi üzrə peşə təhsili və təlimi müəssisələrində internatura proqramlarının, o cümlədən regiondakı mehmanxanalarda keçirilən yay təcrübə proqramlarının sayı artırılacaq.
Eyni zamanda, turizm sahəsində elmi tədqiqatların aparılmasına dəstək məqsədilə bir sıra tədbirlərin görülməsi planlaşdırılır. Turizm sahəsində təhsil beynəlxalq standartlara uyğunlaşdırılacaq və müvafiq dövlət qurumları beynəlxalq akkreditasiya əldə etmək üçün tədbirlər həyata keçirəcəklər. Bundan sonra, peşə təhsili müəssisələri Azərbaycanda fəaliyyət göstərən yüksəksəviyyəli mehmanxana və restoranlarla bir araya gətirilməklə, məktəblər və özəl sektor arasında əməkdaşlıq gücləndiriləcək. Turizm təhsili alan bütün tələbə və şagirdlərin bu müəssisələrdə icbari təcrübə keçmələri təmin olunacaq, həmçinin işçi qrup bunlarla bağlı digər lazımi tədbirlər də həyata keçirəcək.
Turizm və rekreasiya zonalarında Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində 5 regional turizm peşə məktəbinin yaradılması nəzərdən keçirəcək. Həmin məktəblərə öz təcrübə bazasını qurmaq üçün torpaq sahəsi ayrılacaq və həmin torpaq sahəsində dövlət-özəl tərəfdaşlığı modelinə əsaslanmaqla təcrübə üçün mehmanxana və restoranların yaradılması imkanları qiymətləndiriləcək. Belə ki, regional peşə məktəblərinin hər birində eyni zamanda təxminən 200 şagirdin təhsil alması, yaşaması və təcrübə keçməsi məqsədilə həmin məktəblərin yanında 100–150 yerlik yataqxananın, təcrübə mehmanxanasının və restoranın tikilməsi məsələsinə də baxılacaq.