İşgüzar turizm potensialını təbliğ etmək üçün Fəxri Səfirlər Klubu yaradılacaq.
1news.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
Xəritədə göstərilir ki, dünyada bir çox assosiasiyalar öz tədbirlərini hər hansı bir ölkədə keçirmək üçün bir çox şərtlər irəli sürürlər. Bu şərtlərdən ən əhəmiyyətlisi konfransın keçiriləcəyi ölkənin həmin assosiasiyanın üzvü olmasıdır. Bir çox halda məhz həmin üzvlər belə konfransların öz ölkələrində keçirilməsi üçün təşkilat daxilində fəal təbliğat aparırlar. Bu təbliğatın fəal və səmərəli aparılması üçün ölkənin Görüşlər Sənayesinin təbliğinə, o cümlədən iri tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirən bir çox təbliğat materiallarına və təlimlərə ehtiyac yaranır.
Məhz bunun üçün Azərbaycanda irimiqyaslı toplantı və konfransların təşkilində bilavasitə əlaqələndirici rolunu oynaya biləcək elm adamları və cəmiyyətdə tanınmış simalar bir araya gətirilərək, ölkənin işgüzar turizm potensialının üzvü olduğu beynəlxalq təşkilatlarda səmərəli təbliği məqsədilə müvafiq materialların və vəsaitlərin hazırlanması istiqamətində işlər görüləcək.
Bu məqsədlə Fəxri Səfirlər Klubu yaradılacaq, Azərbaycanın görüşlər məkanı kimi təbliğatının yüksək səviyyədə aparılması məqsədilə Fəxri Səfirlər Klubunun üzvləri ilə mütəmadi görüşlər təşkil ediləcək və təlimlər keçiriləcək.