Universitet yataqxanalarının turistlərin istifadəsinə verilməsi üçün təkliflər hazırlanacaq.
1news.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
Xəritədə göstərilir ki, Turizm Şurasının yaradacağı Büro tərəfindən müvafiq dövlət qurumlarının razılığı əsasında yay tətili dövründə Bakıda yerləşən və müasir tələblərə cavab verən universitet yataqxanalarının uyğun qiymətə turist yerləşdirmə obyektləri kimi istifadəsinə dair təkliflər hazırlanacaq və aidiyyəti dövlət qurumları tərəfindən məqsədəuyğun hesab ediləcəyi təqdirdə, müvafiq tədbirlərin həyata keçirilməsinə və təşviqinə başlanılacaq.
Təşəbbüslərin 2020-ci ildə uyğun qiyməti üstün tutan turist səfərləri vasitəsilə birbaşa 45 milyon manat və dolayı 25 milyon manat olmaqla, ümumilikdə real ÜDM-də 70 milyon manat artım potensialına malik olacağı və 2020-ci ildə uyğun qiymətə olan yerləşdirmə otaqlarının ümumi otaqlarda payının hazırkı 30 faiz səviyyəsində qalacağı, eləcə də 2020-ci ildə ümumilikdə 6200 olmaqla, bilavasitə turizm sektorunda 4500 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.