Azərbaycanda hava limanında və digər sərhəd buraxılış məntəqələrində vizaların verilməsində bir sıra yeniliklər tətbiq ediləcək.
1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.
Bildirilib ki, viza alınması üzrə 53 formaların birbaşa ölkəyə giriş məntəqələrindəki köşklərdə doldurulması imkanı saxlanılmaqla, aidiyyəti dövlət qurumları tərəfindən viza üzrə özünəxidmət köşklərinin quraşdırılması kimi innovativ metodların tətbiqi təmin olunacaq. Bu istiqamətdə ödənişlər kredit kartı vasitəsilə də qəbul ediləcək. Burada əsas məqsəd region ölkələrində olduğu kimi, Azərbaycanda da elektron vizanın verilməsi vaxtını iki iş gününə qədər azaltmaqdır.
Mövcud şəraitə uyğun olaraq, ölkənin turizm potensialından maksimum səviyyədə bəhrələnmək məqsədilə, əsas və potensial turizm bazarları hesab olunan ölkələrdən gələn turistlərə vizaların verilməsini qiymətləndirmək üçün aidiyyəti dövlət qurumları birgə iş aparacaq. Bu cür qiymətləndirmə təhlükəsizlik məsələlərini də əhatə edəcək. Bu məqsədlə Turizm Şurasının tərkibində işçi qrup yaradılacaq və həmin işçi qrup təhlükəsizlik maraqlarını nəzərə almaqla müəyyən hədəf ölkələrdən olan turistlər üçün viza verilməsi prosedurlarının yenilənməsi üzrə təkliflər verəcək. Viza verilməsinin faydalarının, risklərinin və riskyumşaldıcı metodların müəyyən edilməsi üçün beynəlxalq təcrübə təhlil olunacaq.
Eyni zamanda, Azərbaycana dayə-qulluqçuları ilə birgə səyahət edən ailələr (əsasən Yaxın Şərq ölkələrindən) üçün qeyri-millətlərdən olan həmin dayə–qulluqçulara tətbiq edilən viza proseslərinin sadələşdirilməsi imkanı nəzərdən keçiriləcək. Bununla əlaqədar olaraq, əgər həmin şəxslərin işlədikləri ölkədə müvafiq iş icazəsi vardırsa, Azərbaycanda həmin işçilər üçün hava limanında viza verilməsi məsələsinə baxılacaq. Təhlillər nəticəsində əldə olunan tövsiyələrə uyğun olaraq, müvafiq dövlət orqanları ölkələrə aid zəruri dəyişiklikləri tətbiq edəcək. Nəticələr Xarici İşlər Nazirliyinin internet səhifəsi, qəzetlər və digər kanallar vasitəsilə dərc olunacaq, rəsmi kütləvi informasiya vasitələrində aidiyyəti ölkələrə çatdırılacaq.