Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək.
İdarədən 1news.az-a verilən məlumata görə, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Dərslər 2017-ci ilin yanvar-may aylarında paytaxtın 12 rayonu üzrə 37 mərkəzdə tədris olunacaq. Dərslərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 305, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 18 və paytaxtda yerləşən məcburi köçkün məktəblərində təhsil alan 20 741 nəfər XI sinif şagirdi iştirak edəcək.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaq.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
1news.az