Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir.
1news.az xəbər verir ki, ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyiblər.
İqtisadçı-ekpsert Vüqar Bayramov bildirib ki, yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər:
“FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əgər FES uçot dərəcəsini artırarsa bu qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək? Qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı desək yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlər ilə əlaqədar idi”.
Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Ekspert deyib ki, uçot stavkası artırılacağı halda manata psixoloji təsir yüksələcək:
“Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.
1news.az