Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Kiçik Qafqazın çaylarında 200-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, dekabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, dekabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm azalma, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 463 sm (2015-ci il dekabrın 12-də 442 sm), Salyanda 310 sm (2015-ci il dekabrın 12-də 302 sm), Bankədə 235 sm (2015-ci il dekabrın 12-də 222 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2015-ci il dekabrın 12-də 173 sm) təşkil edir.
1news.az