Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz qardaşım,
İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.
Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
President.az