Sabunçu rayonu Savalan qəsəbəsində təxminən 5 minə yaxın insanın yaşadığı əraziyə marşrut avtobusu işləmir. Baxmayaraq ki, qəsəbənin içərisinə qədər rahat asfalt yol var.
1news.az “Xəzər TV”yə istinadən xəbər verir ki, sakinlər 3 kilometr aralıda avtobusdan düşərək evlərinə piyada gedir.
İstədikləri budur ki, yaşayış massivinə qədər marşrut xətti çəkilsin. Yolun kənarında dayanan sərnişin tanış maşın gözləyir ki, onu 3 kilometr aralıdakı evlərinə aparsin.
Qəsəbənin bir tərəfinə marşrut avtobusu işləsə də, 2 minə yaxın evin olduğu digər tərəfə sərnişin avtobusu gəlmir. İnsanlar marşruta minmək üçün uzun məsafəni piyada gəlmək məcburiyyətində qalır.
Sözügedən əraziyə asfalt yol da çəkilib. Yəni ki, avtobusların hərəkəti üçün də problem yoxdur. Buna görədə sakinlər yaşayış massivinə yeni xəttin çəkilməsini, yaxud da, bir qədər aralıda dayanan 139 saylı marşrutun bura qədər uzadılmasını istəyirlər.
Qəsəbənin digər istiqamətinə işləyən 139 saylı marşrut xəttini işlədən şirkətin nümayəndəsi deyir ki, onlar yol narahat olduğu üçün həmin əraziyə getmirlər. Halbuki yol gördüyünüz kimi təmiz asfaltdır.
Əlac qalır yeni marşrut xəttinin çəkilməsinə. Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, Nazirlər kabinetinin 141 saylı qərarına əsasən yeni xəttin açılması üçün ərazidə avtomobil yolunun vəziyyəti və sərnişin axını təhlil edilməlidir. Bunun üçün isə mütləq sakinlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir. Müraciət olarsa müvafiq addım atılacaq.
1news.az