Bu gün Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev yolun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bu yol “Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat–Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.
Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılarla söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Dövlət başçısı həmin gün Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında da iştirak edib.
Məlumat verilib ki, bu yolda əsaslı yenidənqurma işləri “Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq aparılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, avtomobil yolunun hərəkət hissəsinin eni 10 metrə qədərdir. Yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtük yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı burada da zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib. Yola yeni asfalt-beton örtüyü salınıb. Asfalt-beton örtüyündə xüsusi materialdan istifadə olunub ki, bu da səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır.
Layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilib. Yol boyunca xüsusi avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Diqqətə çatdırıldı ki, əsaslı yenidənqurma işləri qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Zığ–Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az