Bakının Səbail rayonunun müxtəlif ərazilərində genişmiqyaslı abadlıq işləri də davam edir.
Səbail rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək torpaqların dövlətə qaytarılması işləri həyata keçirilir. Burada zəbt olunmuş torpaq sahələrinin hasarları sökülərək 6 ha ərazi daş və digər tullantılardan təmizlənib.
Ölkə başçısı İlham Əliyevin Bibiheybət qəsəbəsinin “Şıx” yamacında və eləcə də Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək böyük bir bağın salınması prossesinə başlanıb.
Rayon İcra Hakimiyyəti tərəfindən ağacların əkilməsi və onlara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılıb.
1news.az