“Emilin qəza törətməsi ilə bağlı məlumatlar doğrudu. Hadisə dünən baş verib”.
1news.az xəbər verir ki, bunu apasport.az saytına “Qarabağ”ın qapıçısı Emil Balayevin atası Nazim Balayev deyib.
Qeyd edək ki, gənc qolkiperin idarə etdiyi avtomobil dünən Əmircan qəsəbəsində başqa bir maşınla toqquşub. Nəticədə digər avtomobildə olan 6 aylıq Xalid Bağırov dünyasını dəyişib.
Hadisənin təfərrüatlarını danışan N.Balayev qəzanın anidən baş verdiyini söyləyib:
“Dəmiryolunu keçdikdən sonra sol tərəfdə olan yolda qarşı tərəfin idarə etdiyi avtomobil sürüşərək ağaca çırpılıb. Emil də maşını saxlaya bilməyib, arxadan ona dəyib. Özü də hadisədən sonra oranı tərk etməyib, dərhal təcili tibbi yardım maşınını çağırıb. Uşaq arxada anasının qucağında olub, hadisə zamanı başından zərbə alıb. Allah rəhmət eləsin”.
Ata Balayev zərərçəkən Əbdülbağır Bağırov və həyat yoldaşı Günel Bağırovanın hazırda xəstəxanada olduqlarını söyləyib. Nazim bəy qarşı tərəfin bununla bağlı şikayət etməyəcəyini də sözlərinə əlavə edib:
“Rəhmətə gedən uşağın atası hazırda xəstəxanadadı, əməliyyat olunub. İndi vəziyyəti normaldı. Anasının da durumu normaldı. Zərərçəkənlərlə və onların qohumları ilə görüşdüm, hər şeyə aydınlıq gəldi. Bilərəkdən olmayıb. Orda hansısa sürətdən və ya yarışdan söhbət gedə bilməz. Qarşı tərəflə söhbət elədim, şikayət etməyiblər. Belə bir olay hər kəsin başına gələ bilər. Həmin vəziyyətdə biz də ola bilərdik. Allah onların köməyi olsun. Daim onların yanında olacağıq”.
Balayev oğlunun bir qədər öncə polis bölməsində olduğunu, lakin hazırda harda olması barədə məlumatı olmadığını da vurğulayıb.
1news.az
Mövzu ilə bağlı: “Qarabağ” futbolçusunun törətdiyi qəza yerindən görüntülər - VİDEO - YENİLƏNİB