Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ceyran Ağayevadır.
Ceyran Ağayeva 1983-cü ildə Bakı şəhərində anadan olub. 252 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin roman-german filologiyası fakültəsində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. 2008-ci ildə həmin universitetin xarici dillərin tədrisi metodikası fakültəsinin magistiratura səviyyəsini bitirib.
Hazırda Amerika Birləşmiş Ştatlarının nüfuzlu Miçiqan Dövlət Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Təhsilin idarəolunması Azərbaycan ali təhsilində yeni bir sahədir. Bu sahədə Azərbaycanda təhsil almaq imkanları məhduddur. Bununla əlaqədar “ADA” Universiteti Miçiqan Dövlət Universiteti ilə birgə layihə imzalayıb və Azərbaycanda təhsilin idarəolunması üzrə magistr proqramına start verib. Mən də bu layihənin iştirakçısı olaraq xaricdə təhsilimi bitirdikdən sonra “ADA” Universitetində “School of Education” da gələcək kadrların yetişməsinə öz töhfəmi verməyə çalışacağam.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Hazırda oxuduğum universitetlə təhsil aldığım ilk universitet arasında təhsilə yanaşma fərqlidir. İlk olaraq deyim ki, burada tələbələrin istədikləri fənləri seçmə imkanları daha genişdir. Bundan əlavə, buradakı elmi məsləhətçilər tərəfindən tələbələrə göstərilən dəstəyi çox bəyənirəm. Dərslərdə tənqidi təfəkkürün inkişaf etdirilməsinə daha çox üstünlük verilir. Bu, bizim əksər ali məktəblərdə rast gəlinən böyük problemdir. Tələbələrə dərs vəsaitlərindən öyrəndikləri məlumatlara tənqidi mövqedən yanaşmağı öyrətmək daha yaxşı olardı.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?
- Burada Azərbaycanın rəsmi və qeyri-rəsmi bayramları, tarixi barədə dostlarıma, tanıdığım insanlara və iştirak etdiyim tədbirlərdə məlumatlar verirəm. Bundan əlavə, ali təhsilin idarə olunması ixtisasını seçdiyim üçün qatıldığım bir çox layihələrdə Azərbaycanın ali təhsil müəssisələrinin tarixindən və eləcə də mövcud imkanlarından bəhs edə bilmişəm.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Tələbə-müəllim münasibətləri çox fərqlidir. İstənilən vaxt məsləhət üçün müəllimə müraciət etmək olar.
- Daha çox hansı çətinlikləriniz olub?
- Ən böyük çətinliyim ilk vaxtlarda oldu, ailəmdən uzaq yaşamağa alışmağım çətin oldu. Bir müddət keçdikdən sonra insan buna öyrənsə də, bəzən xüsusilə də bayramlarda Bakıda - ailəm və dostlarımla olmağı çox istəmişəm.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Universitetdə kifayət qədər əcnəbi tələbə təhsil alır. Mən keçən il əcnəbi tələbələrlə bağlı layihədə iştirak edirdim və tələbələrdən biri ən yaxın dostlarının əcnəbilər olduğunu dedi. Səbəbini soruşanda isə “Bizi ölkəmizdən uzaq olmağımız bir-birimizə bağlayır” - söylədi. Mən də bu fikirlə razıyam. Xaricdə təhsil aldığım müddətdə rastlaşdığım əcnəbi tələbələrlə ünsiyyətə girmək və dost olmaq asandır.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Azərbaycanda aparılan islahatlar təhsil sahəsində gələcəyin yaxşı olacağından xəbər verir.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtlarımda əcnəbi dostlarımla ünsiyyət qurmağı, bir yerə toplaşmağı sevirəm. Dərslərdən vaxt tapdıqda, bayram tətillərində ABŞ-ın görmədiyim yerlərini, şəhərlərini gəzirəm.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?
- Təhsilimi bitirdikdən sonra Azərbaycanda, “ADA” Universitetində yeni yaranmış fakültədə işləməyi planlaşdırıram.
- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?
- Çoxlu sayda yeniliklər əldə edə bilmişəm. Bundan daha çox isə vaxtı ilə bildiyim məsələlərə yeni mövqedən və ya bir neçə mövqedən baxmağı öyrənmişəm. Özümdən asılı olmadan, öyrəndiklərimin, gördüklərimin nə dərəcədə Azərbaycan üçün yararlı və uyğun olub-olmayacağını müqayisə edirəm.
- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Gənclər üçün hər cür imkanların olduğu dövrdə yaşayırıq. Xaricə gəlib buradakı mədəniyyəti əyani şəkildə görmək, bundan bəhrələnmək çox yaxşıdır. Sadəcə bunları indiki mövcud onlayn imkanlardan istifadə edərək təcrübədən keçirmək olar. Hər hansı bir ixtisasa yiyələndikləri zaman onu mükəmməl şəkildə öyrənsinlər. Xarici dil öyrənsinlər, bu, onların dünyaya açılan yollarıdır. Və ən əsası Vətənimizi çox sevsinlər, çünki dünyanın hansı ölkəsinə getməyimizdən asılı olmayaraq, insanın Vətənini heç nə əvəz etmir.
1news.az