Son məlumata görə, Pakistanın şimalında qəzaya uğrayan International Airlines aviaşirkətinə məxsus ATR tipli təyyarənin göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü, o cümlədən iki uşaq və üç əcnəbi şəxs olub. İlkin məlumata görə, təyyarədəkilərin hamısı həyatını itirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları Çitral-İslamabad reysi ilə uçan laynerin dağlıq əraziyə düşdüyünü bildiriblər. Onların sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl alışıb.
Pakistan ordusunun axtarış-xilasetmə dəstələri helikopterlərlə qəza yerinə göndərilib. Pis hava şəraiti təyyarənin axtarışını çətinləşdirir.
İslamabad beynəlxalq aeroportunun dispetçer xidmətinin nümayəndəsi bildirib ki, təyyarə havaya qalxdıqdan saat yarım sonra laynerin kapitanı SOS siqnalı göndərib və bundan dərhal sonra onunla əlaqə kəsilib. Aeroportda hadisə barədə bütün informasiyaların toplanması üçün “qaynar xətt” fəaliyyətə başlayıb.
Xatırladaq ki, təyyarə yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 14:30) Çitral şəhərindən havaya qalxmışdı və saat 16:40-da İslamabadda eniş etməli idi.
1news.az