Bu ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
1news.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən xəbərə görə, ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 milyon sərnişinə xidmət göstərmişdir.
1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları"-nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16 faizini və ya AZAL-ın sərnişin daşımalarının 27 faizini təşkil edir.
Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olmuşdur. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb.
2016-cı ildə "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo", "Mahan Air", "Komaviatrans" aviaşirkətləri və Rusiyanın "Pobeda" lou-kosteri Azərbaycana uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
1news.az