Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən birinin sürücüsü işdən azad edilib.
1news.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, buna sərnişin tərəfindən daxil olmuş şikayət səbəb olub.
BNA-ya daxil olan şikayətdə deyilir: "88 nömrəli marşrutda nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, bu marşrut üzrə hərəkət edən 10 TH 401 dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib”.
Daxil olan şikayət və videofakt qurum tərəfindən araşdırılıb və BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E. İsmayılov işdən azad edilib. Həmçinin daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilib, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıb.
1news.az