Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytından məlumat veriblər.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulandı, əlaqələrimizın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını dedi.
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini dedi.
1news.az