Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada görüşü keçiriləcək.
“Dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib. Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak edib, o cümlədən Rusiya Federasiyasnın energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirib. Ümid edirik ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu görüşü də əhəmiyyətli olacaq”, - deyə nazirliyin saytında qeyd edilir.
Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.
1news.az