Yerli vaxtla saat 11.00-a olan məlumata görə, Özbəkistan keçirilən növbədənkənar prezident seçkiləri baş tutub.
Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Daşkənddə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, saat 11.00-a olan məlumata görə, 6 milyon 890 min vətəndaş səs verib ki, bu da seçicilərin 33 faizindən çoxdur.
Özbəkistan qanunvericiliyinə əsasən, seçicilərin 33 səs verdikdə seçkilər baş tutmuş hesab edilir.
10:28
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.
Seçki məntəqələri səhər saat 6.00-da açılıb. Səsvermə axşam saat 18.00-da başa çatacaq.
Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.
Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edirlər. Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.
Azərbaycandan gələn müşahidəçilər- Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov səsvermənin gedişini Daşkənddə izləyirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə edirlər.
AZƏRTAC