Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri və görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
Bildirildi ki, bu il rayonun kənd təsərrüfatının müxtəlif sahələrində mühüm dəyişikliklər olub. Pambıq, taxıl, barama, şəkər çuğunduru və digər məhsulların istehsalı xeyli artıb.
Dövlətimizin başçısına və xanımına rayonda tikintisi aparılan obyektlərin, inşası nəzərdə tutulan Heydər Əliyev seyrəngahının, üçulduzlu mehmanxananın layihələri təqdim olundu.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya atəşləri nəticəsində dağılmış məktəblərdə aparılmış təmir-bərpa işləri barədə də məlumat verildi.
President.az