İŞİD terror qruplaşmasının yaraqlısı sükanı arxasında oturduğu avtosisterni Mosulun şərqində partladıb.
AZƏRTAC xəbər verir ki, yerli “Shafaq News” informasiya agentliyinin yaydığı məlumata görə, terror aktı nəticəsində 24 nəfər həlak olub, onlarla insan yaralanıb.
İraq hərbçilərinin Mosulun İŞİD yaraqlılarından azad edilməsi istiqamətində apardıqları əməliyyatlar oktyabrın 15-dən davam edir. Əməliyyatların gedişində hərbçilər şəhərin şərq rayonlarında yaraqlılar üzərində üstünlük qazanmağa nail olublar.
Agentlik bildirir ki, terror aktı şənbə günü hökumət qoşunlarının nəzarət etdikləri yaşayış rayonunda törədilib. Güc strukturlarının versiyasına görə, ola bilsin ki, terrorçular dinc vətəndaşlara onların hərbçilərlə əməkdaşlığının qisasını almaq üçün hücum ediblər.
Zərər çəkənlər arasında qadınların və uşaqların olduğu bildirilir.
1news.az