3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 200-dən çox əlil uşaq üçün musiqili-əyləncəli tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizdə əlil vətəndaşlara göstərilən diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışılıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında qeyd edib ki, rayon üzrə qeydiyyatdan keçmiş müxtəlif əlillik dərəcəsi olan 7406 sakin yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
Bildirilib ki, Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı xüsusi məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 814 uşaq təhsil alır. Onlardan 162-si məktəbdə, 652-si isə evdə təhsil alır. Rayondakı 11 saylı xüsusi məktəbdə isə əlilliyi olan 109 nəfər təhsil alır. Onların təhsili ilə 304 müəllim məşğul olur.
Bundan başqa, rayondakı ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında kar və zəif eşidənlər üçün 7 qrup fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyində autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir. Hazırda burada 24 uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. İl ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 268 və 11 saylı məktəblərdə təhsil alan 20 uşağa əlil arabası təqdim edilib. Eyni zamanda, bu il müxtəlif kateqoriyalardan olan 158 əlil Naftalan, Lənkəran, Şəki rayonlarında və Bilgəh qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndərilib.
Konsert proqramı ilə davam edən tədbirdə əlil uşaqlara hədiyyələr təqdim olunub.