Dekabrın 1-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
1news.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli və beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak edib.
Konfransın məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Mikayıl Cabbarov təhsil sisteminin qarşısında duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşamaların əhəmiyyətindən və akkreditasiyanın rolundan danışıb.
Konfransın plenar hissəsində “Avropa və MDB ölkələrində təhsildə keyfiyyətin təminat sisteminin yenidən qurulmasının çətinlikləri və öyrənilmiş dərslər” mövzusunda xarici akkreditasiya qurumlarının rəhbərləri tərəfindən məruzələr edilib.
Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri tərəfindən məruzələr edilib.
1news.az