Almaniya Səfir Mixael Kindsqrab 29-30 noyabr tarixlərində Azərbyacanın ikinci böyük şəhəri olan Gəncəyə səfər edib.
1news.az-a səfirlikdən verilən xəbərə görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış və qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub.
Səfir Kindsqrab Gəncə şəhərinin İcra başçısı Elmar Vəliyev ilə görüşmüş və şəhərdə iqtisadi və siyasi proseslər haqqında müzakirə aparmışdır. O şəhərin iki böyük iqtisadi obyekti hesab olunan “Gəncə şərab” və avtomobil zavodlarında olmuş və onların vəziyyəti və gələcək planları ilə tanış olmuşdur.
Səfir Gəncə Dövlət Aqrar universitetində (Azərbaycanda bu sahədə yeganə olan) alman universitetləri və kənd təsərrüfatı müəssisələri ilə mübadilə proqramı çərçivəsində Almaniyada təhsil almış məzunlarla fikir mübadiləsi aparmışdır. GİZ və KFW təşkilatlarının nümayəndələri su təchizatı, kadastr sisteminin yaradılması və yerli özünüidarəetmə sahələrində Alman-Azərbaycan layihələrini təqdim etmişdirlər. Səfir səfərin ikinci günündə 2013-cü ilin sonunda istifadəyə verilmiş, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgədə olmuşdur. Kəlbəcər icra başçısı Aqil Məmmədovla görüşdən sonra səfir düşərgənin sakinləri ilə görüşmüşdür. Səfir düşərgədə olan məktəbin şagirdlərinə Almaniya futbol federasiyasından olan futbol toplarını hədiyyə etmiş və balaca məktəblilər bü münasibətlə çox sevinmişdirlər.
Mixael Kindsqrab (1964) 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə səfər edəcək.
1news.az