Paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb
02 dekabr, 2016 16:45
Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda saatda 120 kilometrdən saatda 100 kilometrə, bir zolaqda saatda 100 kilometrdən saatda 80 kilometrə və axırıncı zolaqda saatda 80 kilometrdən saatda 60 kilometrə endirilib. Eyni zamanda Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda saatda 120 kilometrdən saatda 100 kilometrə və axırıncı zolaqda saatda 100 kilometrdən saatda 80 kilometrə endirilib.
AZƏRTAC