“Youth Inc.” Gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən “Youth Inc. Business Academy” Akselerasiya Proqramı 6 həftəlik intensiv təlim-tədris kursunu başa vurub.
1news.az xəbər verir ki, layihənin bağlanış və mükafatlandırma mərasimində çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev proqramın təşkil edilməsində əsas məqsədin biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaq olduğunu deyib.
Rəsmi çıxışlardan sonra layihə iştirakçılar diplomla, mentorlar isə təşəkkürnamə ilə mükafatlandırılıb.
Hazırda reallaşdırılması münasib görünən biznes-ideyaların yerli və xarici mentorlar tərəfindən investisiya cəlb etmək məsələləri müzakirə edilir. Bəyənilən ideyalara investorlar tərəfindən tələb olunan qədər vəsait ayrılacaq.
Sonda “Youth Inc.” Proqramı və Yüksək Texnologiyalar Parkı (YTP) arasında anlaşma memorandumu imzalanıb.
Xatırladaq ki, “Youth Inc. Business Academy” Akselerasiya Proqramı öz biznesini və ya startapını yaratmaq arzusunda olan gənclərin, hətta biznes ideyanın necə formalaşması ilə maraqlanan şəxslərin iştirak etməsi üçün təşkil olunub.
6 həftəlik proqram müddətində 25 nəfər iştirakçıya 7 əcnəbi və 7 yerli mentorun təqdimatında mühazirələr keçirilib. Mühazirələr Stenford Universitetinin professoru, “Silikon Vadi”-nin daimi sahibkarı Stiv Blank və onun komandasının hazırladığı “Lean Launchpad” video dərsliyi əsasında hazırlanıb.
Qeyd edək ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən müsabiqələr fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.
1news.az