Bəzən yol polisləri haqqında neqativ məlumatlar yayılır. Lakin elə hadisələr olur ki, bunun tam əksini düşünürük.
1news.az Orxan adlı sürücünün Avtosfer.az-a göndərdiyi məktubu olduğu kimi təqdim edir:
“Salam hörmətli Avtosfer.az kollektivi. Sizə iki gün əvvəl baş vermiş bir hadisə barədə yazmaq istəyirəm. Axşam saat 8 radələrində Suraxanı rayonu ərazisində (Əmircan-Bülbülə dairəsi, dəmiryol keçidi olan yer) idarə etdiyim "Chevrolet" markalı avtomobillə dəmiryolunu keçib Bakıxanov istiqəmətinə getmək istəyirdim. Dəmiryolunu keçəndə sola dönmə işarəsi var idi. Lakin sola dönüb yenidən Bakıxanov istiqamətinə hərəkət etmək üçün müəyyən qədər yol qət etməli idim. Maşında xəstə var idi və təcili olaraq xəstəxanaya çatdırmalıydım. Odur ki, qaydanı pozmağa məcbur oldum. Sağa dönmə işığını yandırıb yola baxdım. Axşam saatları olduğundan yol boş idi və sağa döndüm. Lakin yolun boş olmağı mənə qaydanı pozmağa haqq qazandırmırdı. Yol patrul xidmətinin əməkdaşları ərazidə idi və onların gözü qarşısında bu hərəkəti etmişdim. Bir qədər irəliləyib sağda maşını saxladım və DYP avtomobilinin yaxınlaşdığını gördüm. Maşından düşüb vəziyyəti izah etdim. Xəstə olduğunu və təcili xəstəxanaya çatdırmaq istədiyimi bildirdim. Qaydanı da bu səbəbdən pozduğumu izah etdim. Yol patrul xidmətinin əməkdaşları mənə dərhəl maşına qayıtmağı və yoluma davam etməyimi bildirdi. Onlara təşəkkür edib avtomobilimə qayıtdım. Lakin bununla da bitmədi. Yol patrul avtomobili bizi müşayət etdi və Bakıxanov istiqəmətinə çıxana qədər yolu açdı. Biz xəstəxanaya çatandan sonra onları görmədim. Tələsdiyimdən nə DYP maşının nömrəsinə baxdım, nə də əməkdaşların adını soruşdum. Adını bilmədiyim həmin yol patrul əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Yol polislərimizin bizə bu qədər mənəvi dəstək olması məni duyğulandırdı. Xahiş edirəm ki, bu məktubumu ictimailəşdirəsiniz".
Avtosfer.az-ın araşdırması zamanı məlum oldu ki, həmin yol patrul xidməti əməkdaşları Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, 99 YP 288 nömrə nişanlı YPX avtomobilində xidmət aparan baş serjant Elçin İsmayılov və çavuş Tural Kamranzadə olub.
1news.az