Qafqaz xalqları Ali Dini Şurasının sədri və üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
1news.az xəbər verir ki, müraciətin mətnində deyilir:
“Möhtərəm cənab Prezident!
Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi ünvanlamaq istəyirik. Bu təşəkkür borcumuz bu gün işini tamamlayan Qafqaz xalqları Ali Dini Şurasının hesabat konfransına olan yüksək diqqət və qayğınıza görədir. Sizin milli, dini və mənəvi dəyərlərə verdiyiniz önəmi təkcə Azərbaycan xalqı deyil, Qafqaz xalqlarını təmsil edən din xadimləri də yüksək qiymətləndirir və minnətdarlıqlarını bəyan etməyi rica edirlər. Bu günlərdə Bakıda toplaşan Qafqaz xalqları Ali Dini Şurasının dini liderləri və konfessiya rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər mötəbər qonaqlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin canlı şahidi oldular. Milli-mədəni irsin dirçəlişində göstərdiyiniz maddi və mənəvi yardım ölkədə apardığınız geniş miqyaslı işlərin bir hissəsi olsa da, dindarların qəlbində dini dəyərlərə və multikultural ənənələrə verilən böyük önəm və diqqətin təzahürü kimi əksini tapdı. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığının bərqərar olması müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir. “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda Beynəlxalq konfransın gedişatı bir daha sübut etdi ki, Azərbaycanda dini durum münbit şəraitə və dinlərarası qarşılıqlı ehtiram ruhuna malikdir.
Zati-aliləriniz tərəfindən 2016-cı ilin Multikulturalizm ili elan olunması müstəqil və demokratik Azərbaycan Respublikasının elitar mədəni siyasətinin göstəricisidir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alilərinizin səyləri ilə uğurla davam etdirilmişdir. Bu gün Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur, dünya miqyaslı mötəbər tədbirlərlə yanaşı, din xadimlərinin iştirak etdiyi ali məclislərə - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclaslarına, Dini liderlərin Ümumdünya Sammitinə Bakıda ev sahibliyi edir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac vardır. Zati-aliləriniz tərəfindən yaradılan bu model sayəsində bir çox münaqişələrin, qanlı olayların qarşısını almaq mümkündür; biz din xadimləri müxtəlif bölgələrdə bunun canlı şahidi olmuşuq və dualar etmişik ki, bu humanist mədəniyyət nümunəsi hər zaman daha effektiv və davamlı olsun. Biz, Zati-alilərinizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu müstəvidə atdığı addımları, mədəniyyətlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirik və belə bir müstəsna ideyanın müəllifi olduğunuza görə dərin təşəkkürlərimizi bildiririk. İmkandan istifadə edərək, böyük ehtiram hissi ilə Sizə uzun ömür, cansağlığı, Azərbaycan dövlətinə və xalqına tərəqqi və rifah arzulayırıq.
Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağ problemi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə öz ədalətli həllini tapacaqdır.
Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizin üçün ünvanlanan dualarımızdır! Uca Yaradan hər zaman yardımçınız olsun! Amin".
Dərin hörmət və ehtiramla,
Qafqaz xalqları Ali Dini Şurası və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri İsmail Berdiyev
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr
RF, Çeçenistan Respublikasının müsftisi Salax Mejiyev
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
RF Dağıstan Respublikası müftisi Axmed Abdullayev
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete
RF Kabarda-Balkar Respublikası müftisi Xazratali Dzasejev
RF Şimali Osetiya (Alaniya) müftisi Xadjimurad Qatsalov
Beynəlxalq İslam Missiyasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev.
1news.az