Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 30-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın müvafiq qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışıb və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə edib.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin böhranların idarə edilməsi zalı, əməliyyat zalı və ictimaiyyətlə əlaqə idarəsinin multimedia mərkəzinin fəaliyyəti ilə tanış olublar.
1news.az