Mingəçevir şəhəri və Yevlax rayonunda dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.
1news.az xəbər verir ki, bu Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin fərmanında öz əksini tapıb.
Fərmana əsasən, nəzərdə tutulmuş pilot layihə başa çatanadək səhiyyə sisteminə daxil olan qurumlar Dövlət Agentliyinin tabeliyində olacaq.
Fərmanda qeyd olunub ki, maliyyələşdirmə, aktivlərin inventarizasiyası, Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən işçilərin işə götürülməsi, əmək müqavilələrinin bağlanması və xitamı, həkimlərin təkrar sertifikasiyası və digər səhiyyə işçilərinin attestasiyası Agentlik tərəfindən həyata keçiriləcək.
1news.az