Prezident İlham Əliyev 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Fərmanda aşağıdakılar bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 684, № 7, maddə 1261) ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.13-1-ci yarımbənd əlavə edilsin:
“2.2.13-1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir”.
1news.az