Yanğın olan yarımtikilinin yerində yeni bina inşa ediləcək, ailələr isə həmin müddətdə kirayə köçürüləcəklər.
1news.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla tanış olan zaman deyib.
Binanın sakinləri ilə görüşən Ə. Həsənov onlara bildirib ki, həmin binanı alan şəxslə danışıqlar aparılacaq:
“Yarımtikilinin yerində yeni bina tikilib, 21 ailə yenidən köçürüləcək. Həmin müddətdə burada yaşayan ailələr kirayə mənzillərlə təmin olunacaqlar. Bu məsələ diqqətimizdədir”.
Sakinlər isə ümidlərini yeni tikiləcək binaya bağladıqlarını qeyd ediblər:
“İndi ümidimiz onadır. Gecə baş verən yanğında 3 ev tamam kül olub. Bir çöp də çıxara bilmədik...”.
Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonunda tikintisi sovet dövründən yarımçıq qalmış yaşayış binasında yanğın baş verib.
Yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları - 2005-ci il təvəllüdlü Fərhad, 2007-ci il təvəllüdlü Elşadın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, tüstü əsasən Babaşovların yaşadığı mənzilə dolduğundan, onlar xilas ola bilməyiblər.
1news.az