Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti noyabrın 30-dan dəyişdirilərək Ziya Bünyadov prospekti 36 - Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib. Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olduğundan dəyişdirilib.
N.Allahyarovanın sözlərinə görə, bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
Həmçinin N.Allahyarova qeyd edib ki, 7 nömrəli marşrutun hərəkət trayektoriyası da noyabrın 30-dan dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov-İlqar Cümşüdov küçəsi-Cavadxan küçəsi ilə, Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində-Nazim Hikmət küçəsi- Əbdürrəhimbəy Haqverdiyev küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti-Həsən Məcidov küçəsi–Əhməd Cəmil–Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.
1news.az