SOCAR-ın İnsan Resursları Departamentinin təşkilatçılığı ilə avqustun 21-28-də həyata keçirilmiş ''SOCAR Yay Məktəbi 2016'' layihəsində qalib gələn komandalardan biri mükafat olaraq noyabrın 21-dən 27-ə kimi Türkiyədə səfərdə olmuşdur.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, qaliblər SOCAR-ın beynəlxalq investisiya layihələri ilə yaxından tanışlıq məqsədi ilə İzmir şəhərinin Aliağa bölgəsində Türkiyə sənayesinin qabaqcıl qurumlarından biri olan “Petkim Petrokimya A.Ş.”-ni (“Petkim”) ziyarət etmişlər.
Komandanı SOCAR Türkiyə Şirkətlər Qrupunun İnsan Resursları Departamenti üzrə direktoru Dinar Məmmədova salamlamışdır. “Petkim”in icraçı direktoru Anar Məmmədov istehsalat sahələrində aparılan yenidənqurma, modernizasiya işləri və perspektiv layihələr haqqında qonaqlara məlumat vermişdir.
''SOCAR yay məktəbi 2016'' layihəsinin qaliblərindən Əsgər Vəliyev, Aqşin Babayev, Baba Həmzəyev, Şahin İbrahimov, Heydər Nəcəfov və Aysel Qədiməliyeva səfərdən xoş təəssürat aldıqlarını bildirmişlər. Sonda komanda üzvlərinə xüsusi sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.
1news.az