Bugünkü mürəkkəb, ziqzaqlı zamanın yaratdığı sosial problemlərdən cana doyub deyinən yaşlı adamların tez-tez işlətdikləri sözlərdir: “Xəbərimiz olmayıb, sən demə, sovet hökuməti vaxtı kommunizmdə yaşamışıq”.
1news.az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, Bəlkə də ömürlərinin yaş sarıdan ən yaxşı çağlarını keçmiş SSRİ adlı ölkədə yaşamış ağsaqqal və ağbirçəklərimizin bu qənaətlərini adi nostalji hissləri kimi qəbul etmək olardı. Amma son dövrlər dünyada, o cümlədən müstəqilliyin bərpasından sonra artıq onun ayrılmaz bir parçasına çevrilmiş Azərbaycanda forma və məzmunundan asılı olmayaraq baş verən bəzi hadisələrin təkcə yaşlı yox, həm də orta və cavan nəsli də narahat etdiyini nəzərə alsaq, onda belə hisslərin dünənin xiffətindən çox sabahın nigarançılığından irəli gəldiyini görərik.
Nə etmək olar, şüurlu surətdə seçdiyimiz yoldur: bazar iqtisadiyyatında yaxşı həyata, firavan güzərana birdən-birə qovuşmaq mümkün deyil! Ora gedən yol enişli-yoxuşludur. Ümumiyyətlə, tarix və iqtisadiyyat dərsliklərindən də oxuduğumuz kimi, kapitalizm dediyimiz formasiyada nə əbədi inkişaf var, nə də sonsuz böhran! Elə, yəqin, bu səbəbdən 25 il əvvəl ölkəmiz planlı təsərrüfat sistemindən imtina edib kapitalın hökmran olduğu, tələb və təklifin formalaşdırdığı bazar iqtisadiyyatına keçəndə heç kim zəmanət verməmişdi ki, Azərbaycan bu yolda bütün qaçılmaz fəsadlardan sığortalana biləcək. Amerika, Qərbi Avropa və Asiyanın ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya, İspaniya, Yaponiya və bu kimi kapitalizmin keşməkeşli yollarında çox ağır sınaqlardan çıxıb oturuşmuş ölkələr həmin fəsadlardan qoruna bilmirlərsə, siyasi və deməli, həm də iqtisadi müstəqilliyinin tarixi cəmi 25 il olan Azərbaycandan bunu gözləmək sadəlövhlük, buna görə Azərbaycanı eninə-uzununa tənqid etmək isə ən azından qərəz və ondan doğan insafsızlıqdır.
Bu gün ölkəmizin iqtisadiyyatının çox yox, 4-5 il əvvəlki sürətlə inkişaf etməməsi məlum faktdır. Məlum olan həm də bunun səbəbləridir - indi nə Azərbaycanda həmin dövrdəki həcmdə neft hasil olunur, nə də onun qiyməti 100 dollardan yuxarıdır. Klassik neft diyarı olan, bütün dövrlərdə iqtisadiyyatının bünövrəsi neftdən qoyulan kiçik ölkə üçün bu, heç də sadə səbəblər deyil. Üzərinə keçmiş SSRİ-dən miras qalmış problemləri (Ermənistanın işğalçı siyasəti nəticəsində itirilən ərazilər, milyondan çox qaçqın və məcburi köçkün, onların sosial vəziyyətləri, işləməyən və bərpası mümkün olmayan müəssisələr, itirilən köhnə iqtisadi əlaqələr, dağılmış infrastruktur və s.) və onların həllinin vacibliyini də gəlsək, onda həmin səbəblərin Azərbaycan, xüsusən onun iqtisadiyyatı üçün nə demək olduğu daha dərindən dərk edilər.
Əgər bu gün qaçqın və məcburi köçkünlərimiz köhnə vaqonlarda, torpaq daxmalarda yox, hər cür şəraiti olan şəhərciklərdəki müasir ev və mənzillərdə yaşayırlarsa, ölkənin hər istiqamətində dağılmış yolların əvəzinə beynəlxalq standartlara cavab verən avtomagistrallar çəkilibsə, Bakı keçmiş SSRİ-nin əyalət paytaxtından dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibsə, rayon mərkəzlərimiz, qəsəbələrimiz tanınmaz səviyyədə abadlaşıbsa, bütün ölkəboyu kommunal infrastruktur yenilənibsə, əhalinin sayından asılı olmayaraq yaşayış məntəqələrimizin əksəriyyətinin elektrik enerjisi və təbii qaz problemi yoxdursa, xüsusən rayonlarda çoxsaylı istehsal yönümlü müəssisələr tikilib istifadəyə verilibsə, iş yeri tapmaq 15-20 il əvvəlki kimi çətin deyilsə, - neftə borcluyuq. Çünki bütün bunlar hamısı neftin, daha doğrusu, onun satışından gələn vəsaitdən səmərəli istifadənin hesabına mümkün olmuşdur. Əksini sübut etmək üçün heç kim döşünə döyməsin, faktlar başına döyər. Belə bir reallığın fonunda neftin qiymətinin ucuzlaşması üzündən Azərbaycanın, eləcə də neft hasil edən digər ölkələrin iqtisadiyyatlarında yaranmış vəziyyətin səbəbini ağla gələn və gəlməyən yerlərdə axtarmağın yaxşı halda naşılıqdan, pis halda isə obyektivsizlikdən xəbər verməsi şübhəsizdir.
İndi budur, 2 ilə yaxındır milli valyutamız - manatımızın başının üstündə bazar iqtisadiyyatının qara buludları dolaşır. Təxminən 10 il ətrafda baş verən bütün hallara sinə gərib davam gətirən, bu zaman hətta ABŞ dolları və avro kimi valyutalara, necə deyərlər, meydan oxuyan manat son 2 ildə iki dəfə devalvasiyaya uğradılıb. “Uğradılıb” yazırıq ona görə ki, manatın hər iki devalvasiyası inzibati yolla olub və bu addımı atan Mərkəzi Bank qərarlarını bazar iqtisadiyyatının tələblərindən irəli gələn qaçılmaz tədbir kimi izah edib. Yeri gəlmişkən xatırladaq ki, Mərkəzi Bank manatın ABŞ dollarına nisbətdə dəyərini ikinci dəfə müəyyən edəndə bunu devalvasiya yox, milli valyutamızın “üzən məzənnə”yə keçməsi adlandırmışdı. Amma həm qərar veriləndə, həm də valyuta bazarında baş verən sonrakı reallıqlar göstərdi ki, Mərkəzi Bankın ikinci qərarı da elə devalvasiya imiş.
Bütün hallarda bununla işimiz yoxdur. Qeyd etdiyimiz kimi, bazar iqtisadiyyatıdır və onun öz qanunları var. Hökumətin, bu sırada Mərkəzi Bankın da vəzifəsi ölkə iqtisadiyyatını həmin qanunlar çərçivəsində idarə etmək və ehtiyac yarandıqda onu hər hansı təhlükədən maksimum dərəcədə qorumaqdan ibarətdir. Bu baxımdan Azərbaycanda neftin hasilatının aşağı düşməsi, dünya bazarında isə qiymətinin kəskin ucuzlaşması səbəbindən ölkəmizin valyuta ehtiyatının azaldığı vaxtda Mərkəzi Bankın mövcud ehtiyatı qorumaq üçün gördüyü tədbirlər, o cümlədən manatın devalvasiyası barədə verdiyi qərarlar başadüşüləndir. Lakin həmin tədbirlər görülərkən başa düşülməyən bir məqam da var ki, o da milli valyutaya etibarın azala biləcəyinin nəzərə alınmamasıdır.
Baxmayaraq ki, bu məqamın nəzərə alınması dünya maliyyə bazarına yeni qədəm qoyan, onun yazılmış qaydalarından və yazılmamış oyunlarından dərindən xəbəri olmayan, dollar və avro kimi “əjdahalarla qonşuluqda yaşayan gənc manat” üçün çox vacib idi. O manat üçün ki, devalvasiyayadək nəinki Azərbaycan ərazisində və yerli əhali arasında, hətta qonşu ölkələrdə dəyərli və etibarlı valyuta “imic”inə malik olmuş və düz 10 il onu qoruyub saxlayıb. Hətta dünya iqtisadiyyatını silkələyən 2008-ci ilin qlobal maliyyə böhranı da Azərbaycan manatını zəiflədə bilməmişdi. Bundan sonra manatımızın indiki vəziyyətini görəndə heyifsilənməyib nə edəsən?!
Amma heyifsilənsək də, reallıqla barışmalıyıq. Reallıqsa ondan ibarətdir ki, bu gün dolların qarşısında dünyanın hətta kifayət qədər inkişaf etmiş ölkələrinin valyutaları tab gətirə bilmir. İlk baxışdan məzənnəsi neftin qiymətindən asılı olan ABŞ dolları milli valyutaların qurduğu hər cür “barrikada”ları vurub dağıdaraq sanki dünyanın valyuta bazarında tək qalmaq istəyirmiş kimi bütün qitələrdə meydan sulayır. O ölkənin ki iqtisadiyyatı neftin hesabatından və qiymətindən az asılıdır, o ölkə ki daxili tələbat mallarının əksəriyyətini, xüsusən ərzağı idxal yox, istehsal edir, o ölkədə ki müxtəlif yönlü müasir sənaye müəssisələri var və məhsulları xarici bazarlarda alıcı sarıdan korluq çəkmir, - onlar dollar təcavüzündən az ziyanla çıxa bilərlər. Sadaladığımız həmin şərtləri yerinə yetirmək isə uzun zaman və münbit beynəlxalq şərait tələb edir. Bu baxımdan Azərbaycanı bəxti gətirən ölkə hesab etmək olmaz. Çünki nə 25 il qlobal məqsədlərə çatmağa yetən zamandır, nə də regionda və ümumiyyətlə dünyada baş verən qanlı münaqişələr, rəngbərəng inqilablar, çevrilişlər, beynəlxalq maliyyə böhranları iqtisadiyyatla məşğul olmaq üçün münbit şərait. Belə olan halda müstəqil dövlət kimi Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları görməmək, qiymətləndirməmək ədalətsizlik olardı, hətta həmin uğurlar milli valyutamızı sona qədər istənilən səviyyədə qorumağa imkan verməsə belə...
Bütün bunları bilə-bilə bəs onda əhali manatın devalvasiyasını, yaxud “üzən” məzənnəyə keçməsini nəyə görə bu cür ağrılı qarşılayır? Bəlkə də cavabı məlum sualdır. Kim istəyər ki, Mərkəzi Bankın bir qərarı ilə əməkhaqqıdan və əmanətindən tutmuş manata bağlı nəyi varsa hamısı dəyərdən düşsün, bu azmış kimi, hələ üstəlik kredit təşkilatları qarşısında dollar və avro ilə olan öhdəlikləri artsın. Bu hələ devalvasiyanın əhalinin maddi vəziyyətinə anındaca göstərdiyi təsirlər idi. Ardınca istehlak qiymətləri və xidmət tariflərinin bahalaşması gəlirdi. Düzdür, bunu müəyyən qədər qarşılamaq üçün Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilat və müəssisələrdə çalışanların əməkhaqları artırıldı. Amma ölkəmizin istehlak bazarında idxal məhsullarının çəkisi hələ yüksək olduğu üçün devalvasiya sunami effekti yaratmışdı, qarşısına nə çıxırdısa, qiymətini vurub dağıdırdı. Təəssüf ki, manatın kursunun hər gün dəyişdiyi indiki vaxtda da qiymətlərə sabitdir deyib bel bağlamaq olmur.
Bel bağlanması mümkün olmayan həm də hər gün üçün manatın kursunu müəyyən edən Mərkəzi Bankın bu zaman nəyi əsas götürməsinin bilinməməsidir. Əgər manatın kursu neftin qiymətinə bağlanırsa (xatırladaq ki, Mərkəzi Bank “üzən” məzənnəyə keçidi elan edəndə manatın məzənnəsinin məhz neftin qiymətindən asılı olacağını bildirmişdi), belə deyil. Artıq neçə aydır neftin bir bareli 40-50 dollar ətrafında olsa da, həmin qiymət manatın məzənnəsində hiss edilmir, yəni neft bahalaşsa da, manat ucuzlaşır, yaxud əksinə. Manatın kursunu tələb-təklifin formalaşdırması da real görünmür. Əvvəla inanmırıq ki, devalvasiyalar nəticəsində baş verən bahalaşmadan sonra əhalinin əlində təklifi üstələyə biləcək qədər külli miqdarda sərbəst manat olsun. Həmçinin bank və digər kredit təşkilatları da indi əvvəlki kimi fəaliyyət göstərmirlər ki, tələbi artırsınlar. İndi onların əksəriyyətini məşğul edən bir iş varsa, o da problemli kreditlərin qaytarılmasıdır. O ki qaldı xarici kredit təşkilatları qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün yaratdıqları tələbə, onun da manatı bu səviyyədə ucuzlaşdıracaq həcmdə olduğu inandırıcı deyil. Azərbaycanın xarici valyuta ehtiyatı elə kasıb deyil ki, bir neçə kommersiya bankının tələbatı qarşısında aciz qalsın. Bir sözlə, Mərkəzi Bankın manatın kursunu nəyə bağladığı hara yozulursa, əl boşa çıxır.
Bax, manata təəssüflə qeyd etdiyimiz etibarın, inamın azalmasının əsas səbəblərindən biri, bəlkə də birincisi elə budur. Yoxsa nə problemdir ki?! Hamı kimi, biz də neftin qiymətini, yaxud tələb-təklifi formalaşdıran mövsümi və ya təbii halları izləyib proqnozlaşdıra bilərik ki, cibimizdəki manatın dəyəri, bazardakı malların qiymətləri sabah və ya bir-iki gün sonra necə olacaq. İndiki halda isə az qala pensiyaçı da aldığı təqaüdü dollara dəyişmək istəyir. Çünki bu gün aldığı pensiyasının ay ərzində dəyərini saxlayacağına inamı yoxdur. Biz hələ xarici ölkələrlə ticarət əlaqələri olan müəssisələri, iş adamlarını və s. təbəqələri demirik. Manatın proqnozlaşdırıla bilinməyən indiki vaxtında onların necə işlədiklərini təsəvvür etmək belə çətindir. Bütün bunlar əhalinin sosial müdafiəsi, eləcə də sahibkarlığın inkişafı ilə bağlı neçə ildir ölkədə ardıcıl surətdə həyata keçirilən dövlət siyasətinə nə dərəcədə uyğundur və ümumiyyətlə, uyğundurmu?
Bu eyhamlı sualın məlum cavabını bir kənara qoyub başqa bir suala cavab tapmaq istərdik. Həmin sual da ondan ibarətdir ki, məlum səbəblərdən dünyanın maliyyə bazarlarında baş verən indiki hadisələr fonunda Azərbaycan manatını daha etibarlı qorumaq olardımı? İqtisadçı ekspertlərin bir qrupu bunun mümkün olduğunu bildirir. Arqumentləri də budur ki, Azərbaycan indikindən daha dərin və daha kəskin olan 2008-ci ilin qlobal böhranından, necə deyərlər, üzüağ çıxa bilmişdisə, iqtisadiyyatı həmin dövrdəkindən daha güclü və daha şaxəli, maliyyə imkanları isə daha geniş olan hazırkı vəziyyətində iqtisadi amillərə yox, əsasən siyasi qərarlara söykənən sonuncu böhranın fəsadlarını asanlıqla zərərsizləşdirmək imkanına malik idi. Digər qisim iqtisadçılar isə manatın devalvasiyasının qaçılmaz olduğu qənaətindədirlər. Mövqelərini isə ölkə iqtisadiyyatının əsasən neft sektorundan asılı olması ilə izah edirlər. Onların fikrincə, nə qədər ki belə vəziyyət davam edəcək, ucuz neft zamanında sabit milli valyutadan danışmaq mümkün olmayacaq. Üçüncü qrup təhlilçilər də var. Onlar nə manatın müdaxilə yolu ilə məzənnəsinin saxlanmasını, nə də inzibati qərarla devalvasiyasını qəbul edirlər. Bu qrupa daxil olan ekspertlərin fikrincə, əgər lap əvvəldən manatın məzənnəsini ölkəyə daxil olan külli miqdarda valyuta hesabına sabit saxlamaq əvəzinə onun yavaş-yavaş, hiss edilmədən bazara uyğun dəyişməsinə imkan verilsəydi, sonradan məcburi devalvasiyalara da ehtiyac yaranmazdı.
Bunlar peşəkarların mövqeləridir və sözsüz ki, hər birində həqiqət payı var. Lakin bu, bir gözü pul kisəsində, bir gözü isə qiymətlərdə olan əhalinin aztəminatlı təbəqəsinin maraq dairəsindən kənardır. Çünki bu gün onları manat barədə kimin nə deməsi yox, manatın sabahkı məzənnəsi, yəni dükan-bazardakı qiymətlər daha çox maraqlandırır. Mərkəzi Bankın timsalında isə indi bunu proqnozlaşdırmaq elə də asan deyil.
1news.az