Böyük Britaniyanın paytaxtında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan “In Azerbaijan” internet portalının təqdimat mərasimi keçirilib.
1news.az-a Şuranın mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində keçirilən təqdimat mərasimində səfirliyin əməkdaşları, yerli gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən səfirliyin 1-ci katibi Polad Məmmədov bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, “No Collective” təşkilatının həyata keçirdiyi layihənin hər iki ölkənin cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib. Daha sonra “NO Collective” təşkilatının rəhbərlərindən olan xanım Natali Beys portalı tədbir iştirakçılarına təqdim edib:
“Portalın hazırlanması məqsədi ilə zəruri məlumatları toplamaq üçün biz Bakıya səfər etmişik. Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ictimai-siyasi həyatı haqqında saytda geniş məlumatlar yerləşdirilib. Portalda həmçinin Azərbaycan və Böyük Britaniya gənclərinin yazışdığı interaktiv bloq və müvafiq tədris materiallarına da yer ayrılıb. Saytdakı xəbərlər mütəmadi şəkildə yenilənəcək”.
1news.az