"İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə regionlar üzrə noyabrın 26-sı və 27-də İsmayıllı rayonu, Sabirabad rayonu, Şəki şəhəri və Lənkəran rayonunda “Azərbaycanın intellektual birincisi” layihəsinin regional turnirləri yekunlaşıb.
Təşkilatdan 1news.az-a verilən məlumata görə, açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov çıxış edib.
Açılış mərasimindən sonra intellektual ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlara start verilib. İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Axtar-tap", "Vətəni Tanı" intellektual oyunlarında Ağsu rayonu, "Xəmsə", “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar. Sabirabad rayonunda keçirilən regional seçim turunda“Axtar-tap”, “Nə? Harada? Nə zaman?”, “Xəmsə” intellektual oyunlarında Saatlı rayonu, "Vətəni Tanı" intellektual oyununda Neftçala rayonunun gənc intellektualları qalib olublar.
Lənkəran rayonunda baş tutan açılış mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib. Şəki şəhərində baş tutan açılış mərasimində Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, İRƏLİ İctimai Birliyinin sədr müşaviri Orxan Rüstəmov çıxış edərək gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini vurğulayıb, dövlət gənclər siyasəti haqqında məlumat verilib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif edilib.
1news.az