Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır. Son illər nəqliyyat infrastrukturuna 25 milyard dollar investisiya yatırılıb.
Bu haqda baş nazirin müavini Abid Şərifov “Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışı zamanı bildirib:
“Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub”.
A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolundan, Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən, Bakı limanı və Ələtdə yaradılacaq Azad Ticarət Zonasından danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir haba çevrilib.
Qeyd edək ki, noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes-forum keçirilir. Tədbirdə 1520 millimetr (relslər arası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, forumda, həmçinin “Xəzər tranziti – Dünyanın dörd tərəfini birləşdirərək”, “Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü, “Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti”, “İxrac diversifikasiyası – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar”, Maliyyələşdirmə - irimiqyaslı ixrac mexanizmləri”, “İnfrastruktur – birgə yol çəklişinin istiqmətləri”, “Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları”, İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər”, “Bərə əlaqəsi – dəmir yolunun davamı kimi” mövzularında müzakirələr aparılacaq.
Biznes-forum çərçivəsində, “TransKonteyner” və “Port Dalyan Ltd koorparasiyası” şirkətləri arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.
1news.az