Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının himayəsi ilə konfransda iştirak məqsədilə Bakıya səfər edəcək. Bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva 28-30 noyabr tarixlərində Bakıda Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının himayəsi ilə keçiriləcək konfransın açılış mərasimində iştirak edəcək”, - deyə M.Cabbarov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, konfrans təhsil, elm və mədəniyyət sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının müasir vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.
M.Cabbarov qeyd edib ki, Bakıda bu səfəri böyük nikbinliklə gözləyirlər:
“İnanırıq ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək”.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərinə toxunaraq, M.Cabbarov rus və Azərbaycanm dillərinin öyrənilməsi və tədrisi sahəsində geniş imkanların mövcudluğunu vurğulayıb.
“Rus dilində tədrisi dəstəkləmək məqsədilə Azərbaycanın səyləri yaxşı məlumdur. Azərbaycanda on minlərlə məktəbli və tələbə rus dili və ədəbiyyatını öyrənir və ya digər fənlər və ixtisaslar üzrə rus dilində təhsil alır.
Bu səylərin rus dilinin vətəni olan Rusiya tərəfindən elmi-metodiki dəstəyə ehtiyacı var. Hesab edirəm ki, bununla yanaşı, Azərbaycan dilinin Rusiyada tədrisini birgə aktivləşdirə bilərik. Bu, Rusiyanın çoxsaylı Azərbaycan icması və inkişaf edən iqtisadi əlaqələr üçün aktual xarakter daşıyır”, - deyə M.Cabbarov qeyd edib.
1news.az