Xəbərlər

Natiq Əliyev: Neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq
24 noyabr, 2016 10:14

Enerji sektoru bu gün iqtisadi, demoqrafik, ekoloji, texnoloji və geosiyasi faktorların təsiri ilə böyük dəyişikliklər dövrünə qədəm qoymuşdur. Qlobal trendlər sektorun yeni inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, uzun illər iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edən neft amilinin ölkələrin enerji təhlükəsizliyindəki mövqeyini də xeyli dərəcədə sarsıtmışdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.

Bütün bunların təzahür forması kimi son illər dünyanın enerji xəritəsinin kəskin şəkildə dəyişməsi, ABŞ-da şist qazı inqilabının baş verməsi, Asiyada enerjiyə tələbatın əhəmiyyətli dərəcədə artması və yeni enerji mənbələrinin aşkar edilməsi isə dünya neft bazarında tarazlığın pozulmasına, qiymət tərəddüdlərinə yol açmışdır. Artıq davamlı şəkil almış qlobal iqtisadi böhran neft istehsal və ixrac edən ölkələri yeni mənzərə ilə qarşı-qarşıya qoymaqdadır. Yanacaq-enerji kompleksindəki real vəziyyətin bir daha qiymətləndirilməsi, eləcə də qlobal enerji sektorundakı yeni çağırışlara adekvat reaksiya verilməsi bu mənzərənin əsas zərurətidir.

Bu gün qlobal enerji siyasətində başlıca problemin neftin qiymətinin tənzimlənməsi ilə bağlı olduğunu bir daha vurğulamağa, bəlkə də ehtiyac yoxdur. Çünki bu, öz təsirləri ilə hər kəsə məlum olan və son illər müxtəlif sferalarda intensiv şəkildə müzakirə edilən aydın həqiqətdir. Ənənəvi yanaşmalara görə, dünya bazarında neftin qiymətinin artıb-azalması neft hasilatındakı dinamikaya da adekvat təsir göstərən iki mühüm faktordan birincisidir. Digər faktor kimi isə yüksək inkişaf etmiş ölkələrin iqtisadi inkişaf tempi göstərilir. Bu iki faktor bir-biri ilə sıx qarşılıqlı əlaqədədir və birbaşa olaraq biri digərindən asılıdır. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək inkişaf sürəti enerjidaşıyıcılarına tələbatın və neftin qiymətinin artmasını təmin etmiş olur. Eyni zamanda neftin bahalaşma tendensiyasının mütəmadi xarakter alması bu enerji növünə tələbat olan ölkələrdə fəaliyyətin azalmasına gətirib çıxarır. 2014-cü ilin ortalarından etibarən neftin qiymətində müşahidə olunan qeyri-sabitlik prosesini şərtləndirən səbəblər də bu və ya digər dərəcədə bu iqtisadi qanunauyğunluq çərivəsində özünü büruzə vermişdir. Belə ki, neftin qiymətində izlənən ən yüksək inkişaf dinamikası 2014-cü ildə pik nöqtəyə çatmış, bu da öz növbəsində neft hasil edən ölkələrdə hasilatın artırılması prosesini sürətləndirmişdir. Nəticədə həmin il təkcə qeyri-OPEC ölkələri hesabına dünyada neft təklifinin artması qısa müddətdən sonra neftin qiymətinin 50 faizədək ucuzlaşmasını şərtləndirmişdir. Bundan əlavə İraq, Liviya və Braziliyada ənənəvi, Şimali Amerikada isə qeyri-ənənəvi neft hasilatının əhəmiyyətli dərəcədə artması dünya bazarında təklif çoxluğu ilə nəticələnmişdir. Üstəlik, bu prosesin dünyanın iqtisadi inkişaf tempinə tərs-mütənasibliyi də neftin qiymətinin düşməsinə böyük təsir göstərmişdir. 2008-2009-cu illərdə ABŞ, növbəti illərdə Avropanı bürüyən iqtisadi böhranın 2014-2015-ci illərdə Çinə sıçraması neft idxalatçıları olan bu regionların tələbat qabiliyyətini aşağı salmışdır. Dünyada iqtisadi inkişaf dinamikasının zəifləməsi və neftə tələbatın azalması məhz 2014-cü ildə Liviyada hasilatın yüksəlməsi ilə güclü şəkildə hiss edilmiş, dünya bazarındakı payını qorumaq məqsədilə Səudiyyə Ərəbistanı və OPEC-in hasilatı azaltmamaq barədə qərarı ilə bu tendensiya daha da güclənmişdir.

Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, dünyada neft hasilatının kuliminasiya məqamına gəlib çatdığı və bundan sonra azalma baş verəcəyi ilə bağlı bir neçə il əvvəl irəli sürülmüş proqnozlara rəğmən, hazırda neft istehsal edən bütün ölkələr hasilat bumu yaşayır və elə qeyri-ənənəvi neft hasilatı sahəsində baş verən inqilab da göstərdi ki, yeni texnologiyaların tətbiqi hasilatın daha da yüksəlməsini vəd edir. 2015-ci il və cari ilin son aylarına aid göstəricilər tələb-təklif uyğunsuzluğunun nəinki aradan qalxdığını, əksinə getdikcə gərginləşdiyini və dünyanın enerji bazarında yığılıb qalmış neftə müştəri tapılmaması dövrünün artıq yetişdiyini göstərir.

Hesabat məlumatlarına diqqət yetirək: 2015-ci ildə dünyada gündəlik neft hasilatı və neft ixracı artmış, neftə gündəlik tələbat Hindistan, Çin, Şimali Amerika, Qərbi Avropa, Yaxın Şərq və Afrika hesabına 93 milyon barrel olmuşdur. Qeyri-OPEC ölkələrində gündəlik neft hasilatı 54,81 milyon barrelə, OPEC ölkələrində 2014-cü illə müqayisədə 0,93 milyon barrel artaraq 32,32 milyon barrelə çatmışdır. Ötən il ən böyük neft hasilatçıları üçlüyündə Səudiyyə Ərəbistanı (10,19 mln barrel/sutka), Rusiya (10,11 mln barrel /sutka) və Birləşmiş Ştatlar (9,43 barrel/sutka) təmsil olunmuşdur. Xam neft istehsalı həmçinin Böyük Britaniya və Norveçdə də artımla izlənmişdir.

2016-cı ildə neftə gündəlik qlobal tələbat 94 milyon 400 min barrel proqnozlaşdırılmış, sentyabr və oktyabr ayları üzrə bu göstəricilər müvafiq olaraq 95 milyon 150 min barrel və 95 milyon 290 min barrel arasında qərarlaşmışdır. Bu ilin sentyabr -oktyabr aylarında qlobal neft təklifi gündəlik 96 milyon 400 min barrel və 97 milyon 800 min barrel təşkil etmiş, gündəlik neft hasilatı sentyabrda OPEC üzrə 33,39, qeyri-OPEC ölkələri üzrə isə 24,61 (ümumilikdə 56,4 mln barrel/sutka) həcmində olmuşdur. Oktyabrda OPEC-in neft hasilatı sentyabr ayı ilə müqayisədə gündəlik 33,64 milyon barrelə yüksəlmişdir. OPEC-in məlumatlarına görə, Liviya hasilatı 3 ilin maksimumuna - gündə 528 min barrelə çatdırmışdır. Nigeriyada hasilat gündə 170 min barrel artaraq 1 milyon 628 min barrel, İranda 27,5 min barrel artaraq 3 milyon 690 min barrel təşkil etmiş, İraqda isə hasilat son 8 ilin rekord səviyyəsinə - sutkada 4,561 milyon barrelə yüksəlmişdir. Səudiyyə Ərəbistanının oktyabrda sutka ərzində 10 milyon 583 min barrel neft hasil etdiyi bildirilir. Qeyri-OPEC ölkələrində gündəlik neft hasilatı üzrə göstərici 53,63 milyon barrel olmuşdur. Azərbaycan üzrə orta gündəlik neft hasilatı isə 0,87 milyon barrel həcmində qiymətləndirilmişdir.

Rəqəmlərdən də göründüyü kimi, hasilat yüksələn xətt üzrə davam etməkdədir. Təklif bolluğu nəticəsində bazarda neftin orta qiyməti, təxminən, 40 dollar civarında olmuşdur ki, bu da neft ixrac edən ölkələr üçün münasib rəqəm sayıla bilməz.

İqtisadi qanunauyğunluqlara görə, əslində, ucuz neft idxalçı ölkələrin iqtisadiyyatını böhranlı vəziyyətdən çıxarmalı idi. Amma bu qanunauyğunluq təkcə ABŞ və Avropada özünü doğrultmuş, bu ölkələrin iqtisadi inkişaf tempi müsbətə doğru dəyişsə də, ucuz neft bu məhsulun əsas idxalatçıları olan Yaponiya və Çində iqtisadiyyatın dirçəldilməsinə heç bir kömək göstərməmişdir. Başqa sözlə, indiki vəziyyətdə bir ölkədə neftin qiymətində müşahidə olunan enmələr digər ölkənin də iqtisadi inkişaf tempinin azalması ilə kompensasiya olunmaqdadır. Ona görə də neft bazarındakı real vəziyyətin iqtisadi nəzəriyyə ilə paradoksallığı neftin qiymətinin təbii iqtisadi qanunauyğunluqlardan daha çox, sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirildiyini və bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan ölkələrə qarşı bundan ciddi təzyiq vasitəsi kimi istifadə edildiyini söyləməyə əsas verir. Yəni dünya bazarında neftin qiymət təlatümləri hər nə qədər iqtisadi səbəblərlə - ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Ehtiyatlar Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən hələ çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEC ölkələrinin neft hasilatını azalda bilməməsi və əksinə bir neçə dəfə artırması, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması, Liviya, İraq kimi neft ölkələrinin fəallaşması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Krım hadisələri ilə əlaqədar Rusiya və Qərb ölkələri arasında münasibətlərin gərginləşməsi, Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələr, Rusiya-Suriya-Türkiyə problemi, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, sivilizasiyalararası toqquşmalar kimi dünya nizamını pozan proseslər də neft böhranını dərinləşdirən səbəblər kimi nəzərdən keçirilə bilər.

S iyasi münaqişələrin tarixən neftlə zəngin bölgələrdə cərəyan etməsi, istər-istəməz münaqişələrdə neft, neftdə isə münaqişə izi axtarmağa əsas yaradır. Nəzəri ədəbiyyatlarda da qeyd edildiyi kimi, iqtisadiyyatın siyasətin cəmləşdirilmiş ifadə forması olduğunu xatırlasaq, onda dünyanın bugünkü iqtisadi mənzərəsinin konturlarının çox sürətlə dəyişən geosiyasi proseslərlə cızıldığını bir daha yəqinləşdirmiş olarıq. Heç şübhəsiz ki, bu qlobal iqtisadi-siyasi asılılıq müstəvisində enerji resurslarının hasilatçısı və ixracatçısı olan dövlətlərin enerji siyasəti də yeni məzmun qazanır. Səbəblərin təsir dərəcəsindən asılı olmayaraq, neftin ucuzlaşması dövrünün uzanması hazırda mütənasib olaraq neft istehsal və ixrac edən ölkələrin iqtisadi inkişaf kursunu ləngitmiş, neft gəlirlərinin üstünlük təşkil etdiyi büdcəni kiçiltmiş, neft sektorunda müvafiq layihələrin, ətraf mühit, eləcə də digər sosial proqramların həyata keçirilməsini ixtisara salmış və şübhəsiz ki, bütün bu mənfi təsirlər uzunmüddətli perspektivdə təkcə neft ölkələrində deyil, qeyri-neft dövlətlərində də yeni problemlərin ortaya çıxmasına zəmin yaratmışdır. Yəni, bu gün aşağı neft qiymətlərinin neft istehsalçıları üçün pisləşdirdiyi vəziyyət belə davam edəcəyi təqdirdə sabah istehlakçılar üçün də pis olacaq. Yaxud bu gün istehlakçılar üçün pis olan yüksək neft qiymətləri sabah istehsalçılar üçün eyni aqibəti yaşadacaq. Odur ki, neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlik tədbirlərin görülməsi üçün bu gün qlobal enerji dialoqu mühüm əhəmiyyət kəsb edir, hasilatçı və ixracatçı ölkələr arasında fikir ayrılığının aradan qaldırılması və həll yollarının birgə tapılması üçün ən münasib platforma sayılır. Son zamanlar keçirilmiş 15-ci Beynəlxalq Enerji Forumu, 23-cü Dünya Enerji Konqresi bu məqsədə xidmət etmiş OPEC və qeyri-OPEC ölkələrinin bir araya gəlməsini təmin etmişdir. Yüksək səviyyəli təmaslar və intensiv müzakirələrin töhfəsi 28 sentyabr tarixində OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5-33 milyon barrel səviyyəsində dondurulması barədə ilkin razılığın əldə edilməsi olmuşdur. Bu da son səkkiz ildə kartel çərçivəsində atılan mühüm addım kimi neftin qiymətinin tənzimlənməsi istiqamətində daha geniş miqyasda irəliləməyi təmin etmiş və qiymət sabitliyinin bütün tərəflərin maraqlarının uzlaşdırılacağı təqdirdə mümkünlüyünü ortaya qoymuşdur. Ona görə də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə müzakirə və məsləhətləşmələr aparması zərurətə çevrilmişdir. Çünki yekun qərarın noyabrın 30-da OPEC-in Nazirlər Şurasının iclasında qəbul edilməsi üçün Əlcəzair sazişində qeyd olunan rəqəmin üzv dövlətlər arasında bölüşdürülməsi, “Yol xəritəsi”nin müəyyənləşdirilməsi barədə ekspertlər səviyyəsində razılıq əldə olunmalıdır. Bu məqsədlə 29 oktyabr tarixində Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilmişdir. Bu iclasdan bir gün əvvəl isə kartelə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi barədə müzakirələr aparılmışdır. Yüksək Səviyyəli Komitənin birinci iclası 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya Federasiyası) nümayəndə heyətlərinin iştirakı ilə konstruktiv və məhsuldar müzakirələr atmosferində keçirilmişdir. Toplantı Əlcəzair sazişindən irəli gələn və açıq qalan məsələlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Dünya iqtisadiyyatının inkişaf meyilləri və müxtəlif iqtisadi proseslərin yaranma səbəbləri, dünya bazarlarında neftin qiymətinin azalmasının iqtisadi inkişafa təsiri məsələləri və bununla bağlı OPEC ölkələrinin 2017-ci ildə görməli olduğu cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılmış və dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi üçün OPEC-ə üzv və üzv olmayan neft hasilatçısı ölkələrin nümayədələrindən ibarət məsləhətləşmə mexanizminin yaradılmasının vacibliyi vurğulanmışdır. Bununla bərabər ayrı-ayrı dövlətlərin nümayiş etdirdikləri mövqelərin təhlili göstərir ki, bütün istehsalçı ölkələrin dünya bazarında neftin qiymətinin ədalətli olmadığını düşünmələrinə, qiymət sabitliyində maraqlı olmalarına, ucuzlaşmanın qarşısının alınması üçün birgə vacib addımları, kompleks tədbirlər planının hazırlanmasının və bu dialoqdan tam istifadənin mühümlüyünü bəyan etmələrinə baxmayaraq, problemin ümumi həll yolunun tapılmasında çox ciddi fikir ayrılıqları və çətinliklər mövcuddur. Belə ki, neftin qiymətinin tənzimlənməsi hasilatın həcminin dondurulması və ya azaldılması üzrə aparıla bilər ki, hələlik nəinki bu məsələdə, heç qeyri-OPEC ölkələrinin yaxın gələcəkdə neft hasilatında payının həcmi ilə bağlı da fikir yekdilliyi yoxdur. Məsələn, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qeyri-üzv ölkələrdən ən böyük neft hasilatçısı sayılan Oman neftin hasilatının səviyyəsinin yalnız “dondurulmasını” yox, eləcə də aşağı salınmasını doğru hesab edir. Oman səlahiyyətliləri konkret kvota göstərməsələr də, hasilatın həcminin azaldılmasına hazır olduqlarını bəyan edərək, digər ölkələrin də bu təşəbbüsə qoşulmasını gözlədiklərini bildirirlər. Rusiya isə gündəlik neft hasilatının 300 min barrel həcmində ixtisarına razı olmaqla bərabər, belə bir mövqedədir ki, bu həcmin ixtisarı neftin qiymətinə əsla təsir etməyəcək. Eyni zamanda, bu həcmi digər qeyri-OPEC ölkəsi asanlıqla əvəzləyə bilər. Buna görə Rusiya qeyri-OPEC ölkələrinin yalnız hasilat həcmini dondurması ilə kifayətlənmir və onların hər birini açıq şəkildə ixtisara dəvət edir. Görüşdə səsləndirilmiş mövqelərdən aydın olur ki, iclasda iştirak etmiş OPEC-ə daxil olmayan dövlətlərdən yalnız Azərbaycan, Rusiya, Qazaxıstan və Oman hər hansı konkret birgə addıma hazırdır. Braziliya hasilatı dondurmağa və ya ixtisar etməyə hazır deyil, Meksika isə bütün variantların açıq olduğunu qeyd edərək, OPEC-dən xüsusilə investisiya sahəsində müəyyən stimullaşdırıcı addımlar gözləyir. Qeyd edək ki, OPEC ölkələrinin ümumilikdə qeyri-OPEC ölkələrindən 2017-ci ilin yanvarın 1-dən başlayaraq altı ay müddətinə gündəlik hasilat həcmindən 880 min barrel həcmində ixtisarların edilməsi barədə gözləntiləri var. Lakin Kuveytin də bəyan etdiyi kimi, ölkələr OPEC-in qərarını hansı həcmdə dəstəkləyəcəklərini dəqiq şəkildə açıqlamalıdırlar. İclasa digər qeyri-OPEC ölkələrindən Bəhreyn, Boliviya, Bruney, Kanada, Kolumbiya, Misir, Norveç, Malayziya, Trinidad və Tobaqo da dəvət edilsə belə, onların bu dialoqa qatılmaması hasilatın artırılmaması ilə bağlı qərarın qəbulunu çətinləşdirən və bu qərarın işləkliyini əngəlləyən amillərdəndir.

B urada bir mühüm məqamı da qeyd etmək yerinə düşərdi. Zənnimizcə, tənzimləmə prosesində qeyri-OPEC dairəsini yalnız sadalanan ölkələrlə məhdudlaşdırıb ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri prosesə cəlb etmədən neft bazarında tarazlığa, hamını razı salacaq qiymətlərə nail olmaq o qədər də inandırıcı deyildir. Çünki bu ölkələr birlikdə dünya neft bazarında təkcə sentyabr ayında gündəlik təxminən 56,4 milyon barrel paya malik olmuşlar. Deməli, bu gün qlobal gündəlik neft hasilatının 24,61 milyon barreli iclasa dəvət edilən və qeyri-OPEC adı altında təsnif olunan ölkələrin, 33,39 milyon barreli isə OPEC-in payına düşürsə, onda təxminən 31-32 milyon barrel neft kənarda qalan bu ölkələrin hesabına nəzərə alınmamış olur.

Təbii ki, davamlı sabitlik üçün kartel daxilində həmrəylik çox mühümdür. OPEC-ə üzv olan ölkələrin böyük əksəriyyəti bazarda qiymət artımını hədəfləyən təşəbbüsləri dəstəkləsələr də, İran və İraq neft hasilatının artırılmasında, eləcə də istehsalla bağlı əvvəlki mövqelərini bərpa etməkdə maraqlıdır. Bir sözlə, OPEC üzvü olan və bu qurumun üzvü olmayan ölkələrin ekspertlərinin görüşünün nəticələrinə dair Əlcəzair qərarları əsasında “Yol xəritəsi”nin qəbul edilib-edilməyəcəyi OPEC üzvü olan ölkələrin, ilk növbədə İran və İraq kimi dövlətlərin mövqeyindən də xeyli dərəcədə asılıdır. Digər tərəfdən belə bir mülahizə də irəli sürülür ki, OPEC neft qiymətlərinin bahalı olmasında maraqlı deyil. Hesab edilir ki, neft bahalaşacağı təqdirdə, şist neft təklifi artacaq, bu isə Amerika qitəsində Səudiyyə Ərəbistanı kimi ölkələrin bazarlarının daralmasına səbəb olacaq.

Burada açıq qalan və həlli vacib olan digər bir məqam da hasilatın artırılmaması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə onun idarəetmə mexanizminin yaradılması və qərarın tətbiqinə nəzarətin hansı şəkildə həyata keçirilməsindən ibarətdir. İclas zamanı Braziliya və Meksikanın istehsalla, əsasən, özəl şirkətlərin məşğul olması və hökumətlərin onların fəaliyyətinə müdaxilə imkanlarının məhdudluğu ilə bağlı əsaslandırmalarından da göründü ki, bu suala konkret cavab hələ ki, yoxdur. Hesab edirik ki, Braziliya və Meksikanın qaldırdığı bu məsələ əksər neft hasilatı ilə məşğul olan ölkələri də düşündürən suallardan biridir.

Göründüyü kimi, noyabrın 30-dək ortaq məxrəcə gəlmək üçün müzakirə ediləcək kifayət qədər məsələlər var. Ölkələrin neft hasilatında payının müəyyənləşdirilməsi, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılması və qərar qəbul edilərsə, onun idarəetmə mexanizminin yaradılması kimi məsələlərin müzakirəsi 28 noyabr tarixində Yüksək Səviyyəli Komitənin ikinci iclasında bir daha nəzərdən keçiriləcək. Azərbaycan da növbəti toplantıya yüksək səviyyədə qatılaraq, prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək. Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakının dünya enerji balansının bərpa edilməsi istiqamətində nümayiş etdirdiyi konstruktiv mövqe, öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışması, OPEC və qeyri-OPEC ölkələrinin toplantısında irəli sürülən müddəaların, həll təkliflərinin hələ bu tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti səviyyəsində bəyan edilməsi, digər neft ölkələri ilə müqayisədə rəsmi Bakının birmənalı, konkret, düşünülmüş və tərəddüdsüz siyasəti böyük maraq kəsb etmiş, böhran situasiyalarında doğru qərarlar qəbul etməyi bacaran dövlət kimi Azərbaycanın nüfuzu daha da möhkəmlənmişdir.

A ərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfəri zamanı dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan etmiş, digər neft ölkələrini də oxşar addımlar atmağa çağırmışdır. Neft bazarının koordinasiyalı əməkdaşlıq şəraitində sabitləşəcəyini və neftlə zəngin ölkələrin öz təbii resurslarına görə ədalətli qiymət ala biləcəklərini ifadə etmişdir: “Bu gün balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin”.

Qeyri-OPEC ölkəsi kimi Azərbaycanın bu mövqeyi təşkilata üzv və qeyri-üzv ölkələrin Vyanada keçirilən iclasında bir daha səsləndirilmiş və böyük maraqla qarşılanmışdır. İclasa həmsədrliyin Azərbaycanın energetika nazirinə həvalə edilməsi, ölkəmizin nümayəndə heyətinə OPEC rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilməsi isə dövlətimizə olan yüksək rəğbətin, Azərbaycanın yürütdüyü enerji siyasətinin təqdir olunmasının və ölkəmizin bu mürəkkəb beynəlxalq situasiyada daşıdığı ali statusun göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan-OPEC əməkdaşlığının əhəmiyyəti, münasibətlərin inkişafının vacibliyi həm iclas çərçivəsində, həm də iclasdan əvvəl OPEC-in baş katibi Mohammad Sanusi Barkindo ilə keçirilən ikitərəfli görüşdə ifadə edilmişdir. Baş katib Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlamışdır. Bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, Prezident İlham Əliyevin razılığı ilə Mohammad Sanusi Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilmişdir.

Ümid edirik ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və Azərbaycan arasında sıx əlaqələrin qurulması dialoq və məsləhətləşmələr vasitəsilə dünya iqtisadiyyatında və neft bazarlarında dəyişiklikləri izləyən, onlara operativ reaksiya təklif edən OPEC-lə mütəmadi təcrübə mübadiləsinin aparılmasına imkanlar yaradacaqdır. Eyni zamanda, bu əməkdaşlıq növbəti görüşdə OPEC üzvlərinin Azərbaycandan xahiş edəcəkləri mümkün hasilat həcminin ixtisarı ilə bağlı razılaşmanın da əlverişli olmasına şərait yaradacaqdır. Ümumiyyətlə, noyabrın 30-da keçiriləcək Vyana sammitində neft bazarının balanslaşdırılmasına dair qərarın hasilatın azaldılması, yaxud dondurulması variantı üzrə qəbulundan asılı olmayaraq, bu proseslər neftin qiymətinin yüksəlməsinə stimullaşdırıcı təsir göstərəcəkdir. Neft bazarının tənzimlənməsi ilə bağlı öhdəliklərin götürülməsi və bu öhdəliklərin neft hasil və ixrac edən ölkələr arasında paylaşdırılması istər bazar, istərsə də qiymət spekulyasiyasında maraqlı tərəflərə daha ciddi tədbirlər görülməsinin mümkünlüyü mesajını verəcəkdir. Fikrimizcə, neftin bahalılığını təmin edən təbii iqtisadi faktorların zəif olduğu indiki situasiyada bazara çevik müdaxilə zəruridir. Əgər 2016-cı və 2017-ci illər üzrə qlobal iqtisadiyyatda ümumdaxili məhsul (ÜDM) üzrə ölkələrin göstəricilərinə nəzər yetirsək, Çin, Hindistan və Avrozona üçün iqtisadi inkişaf tempinin daha da aşağı düşəcəyini görə bilərik. Belə ki, Çində ÜDM cari ildəki 6,5 faizə qarşı gələn il 6,1 faiz, Hindistanda müvafiq olaraq 7,5 faizə qarşı 7,2 faiz, Avrozona ölkələrində isə 1,5 faizə qarşı 1,2 faiz təşkil edəcəkdir.

Bununla belə, proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaqdır. 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq.

Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar. Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30 faiz artması isə qlobal ÜDM-in də, təxminən, 140 faiz yüksələcəyini vəd edir. “Brukinqs” institutunun hesablamalarına görə, 2010-2030-cu illərdə 2,8 milyard əhali orta təbəqə səviyyəsinə yüksələcək və onların demək olar ki, hamısı inkişaf edən ölkələrdə yaşayacaqlar. Çin, Hindistan və əsas inkişaf edən ölkələr birlikdə nəzərdə tutulmuş orta təbəqə artımının 80 faizini təşkil edir. Eləcə də, təxmin edilir ki, 2040-cı ilə qədər enerji daşıyıcılarına olan qlobal tələbat üzrə artım əsasən inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Çünki bu ölkələrin enerji istehlakı təxminən 70 faizə yüksələcək. Enerji daşıyıcıları üzrə qlobal tələbatın yarısının Çin və Hindistanın payına düşəcəyi gözlənilir.

Qlobal iqtisadiyyatın inkişaf tendensiyaları göstərir ki, dünya enerji xammalının, birinci növbədə karbohidrogen ehtiyatlarının daha böyük həcmlərinə ehtiyac duyacaqdır. Gözlənti belədir ki, qlobal neft tələbatı 2040-cı ildə 40 faiz artaraq, gündəlik 109,4 milyon barrel təşkil edəcək. 2040-cı ildə dünya enerji istehlakında təbii yanacağın payı 77 faizə yüksələcək. Burada təbii qazın xüsusi çəkisi 27 faiz, neft 26 faiz, kömür isə 24 faiz təşkil edəcək. Enerji tələbatında bərpa olunan enerjinin payı 17 faizə, nüvə enerjisinin payı isə 6 faizə çatacaq. Bu da söyləməyə əsas yaradır ki, enerji resurları istehlakının ümumi strukturunda neft-qaz hələ uzun müddət öz üstünlüyünü qoruyub saxlayacaq.

“ExxonMobil” şirkətinin 2040-cı ilədək dövrü əhatə edən energetika proqnozuna əsasən, xüsusilə yüksək inkişafa malik ölkələrdə enerjiyə tələbat təkcə adi ehtiyatlar üzrə deyil, eyni zamanda urbanizasiyanın genişlənməsi, gəlirlərin artması və buna müqabil olaraq əhali tərəfindən müasir texniki vasitələrdən istifadənin genişlənməsi üzrə də artacaqdır. Nəzərə almalıyıq ki, ölkənin enerji daşıyıcılarına olan tələbatını müəyyənləşdirən yalnız onun iqtisadiyyatı və ya əhalisinin sayı deyil, eyni zamanda vətəndaşların gəlir səviyyəsi, alıcılıq qabiliyyətinin yüksəkliyidir. Bu baxımdan, qlobal neft tələbatının sektorlar üzrə ən böyük artım tempi avtomobil yolları nəqliyyatında baş verəcək. Avtomobil yollarında neft istifadəsi gündəlik 47,8 milyon barrelə çatacaq. Proqnozlaşdırılan müddətdə əhalinin sayı artdığına və inkişaf edən ölkələrdə yaşayan insanların daha çoxunun maşın almaq imkanı olduğuna görə, avtomobillərin sayının 2010-cu ildəki 800 milyondan 2040-cı ildə təqribən 2,1 milyard olmaqla, iki dəfədən çox artacağı gözlənilir. Bununla belə, avtomobillərin yanacaqdan daha səmərəli istifadəsi mühüm məsələ kimi diqqəti cəlb edir. Belə ki, “ExxonMobil” şirkətinin bu sahədə çalışan ekspertlərinin fikrincə, 2040-cı ilə qədər hibrid avtomobillərin sayı qlobal miqyasda mövcud olan az yükgötürmə qabiliyyətli maşınların 35 faizini təşkil edəcək. Avtomobillərin orta istismar səmərəliliyinin 2010-cu ildəki hər 100 km üçün 9,8 litrdən 5,1 litr yanacaq həddinə düşəcəyi gözlənilir.

Neftə olan tələbat kommersiya nəqliyyatında artım və kimya sənayesində ilkin xammala olan ehtiyacla əlaqədar 30 faiz yüksəlməklə, onun bir nömrəli enerji mənbəyi olaraq qalacaqdır. Əsas neft məhsulları arasında, dizel və aviasiya yanacağının kəskin surətdə artması, benzinin isə əsasən sabit qalması gözlənilir.

D ünya sənayesinin, xüsusilə kimya sektorunun enerjiyə olan tələbatı isə ümumi tələbatdan 50 faiz çox arta bilər. Kimya şirkətləri enerjidən iki yolla istifadə edir: 1) sənaye məqsədli mallar üçün əhəmiyyətli olan plastik və digər malların hazırlanması üçün yanacaq kimi; 2) ilkin xammal kimi. Kimya məhsullarına olan tələbatın artması neft əsaslı ilkin xammalara, yəni nafta və təbii qaz mayeləri (LNG), məsələn etan kimi məhsullar üzrə yüksələn tələbatı istiqamətləndirəcəkdir. Bütün sadalanan bu faktorlar ehtimallara görə, neftin qiymətini 155 dollara yaxınlaşdıracaq.

Neftin qiyməti aspektindən proseslərin bu şəkildə müsbət dinamikası ekoloji cəhətdən təmiz enerjiyə üstünlük verilməsi ilə müşayiət olunacaqdır. Enerji daşıyıcılarının dünya qiymətinin formalaşmasında ekoloji amil son zamanlar mühüm elementə çevrilmiş, bu da bəşəriyyətin diqqətini ətraf mühitin mühafizəsi, atmosferin, torpağın, su hövzələrinin çirkləndirilməsinin qadağan edilməsi istiqamətinə yönəltmişdir. Məsələn, Kioto protokolunda neft və neft məhsulları istehlakının ixtisarı, karbohidrogen məhsullarının atmosferə buraxılmasının qarşısının alınması, neft enerji daşıyıcıları ilə müqayisədə ekoloji cəhətdən daha təmiz enerji daşıyıcılarından istifadə əsas məqsəd kimi elan olunmuşdur. İstifadə edilən enerjinin artması atmosferin daha çox çirklənməsinə, son nəticədə insan ölümlərinin artmasına rəvac verdiyi üçün ekoloji zərərləri minimum olan enerji növlərinə üstünlük verilməsi növbəti onilliklərdə dünya enerji bazarının aktual məsələlərindən olacaq.

Çinin 2060-cı ildə daha çox enerji istismar edə biləcəyi ilə yanaşı, yeni texnologiyalardan faydalanmaqla daha qənaətcil üsula keçə bilməsi ehtimalını araşdıran tədqiqatçılar belə qənaətə gəliblər ki, Çin məhz bu üsulla öz enerji ehtiyaclarını ödəyəcəkdir. Bu proses daha iri neft idxalatçısı olan Yaponiyada da izlənəcəkdir. Belə ki, Yaponiya 2011-ci ildə Fukisima atom elektrik stansiyasında baş vermiş qəzadan sonra ənənəvi enerji mənbələrindən istifadəyə qayıtsa da, sonralar enerji səmərəliliyinin inkişafı, nüvə reaktorlarını yenidən işə salması və bərpa olunan enerji mənbələrindən istifadə ilə neftə tələbatını əhəmiyyətli dərəcədə azaltmışdır.

Bununla belə, alternativ enerji növlərinin payının artması perspektivlərinə rəğmən, 2060-cı ilə qədər də neft və qazın payının dünya miqyasında 60 faizdən aşağı olmayacağı ilə bağlı fikirlər səsləndirilir. Neftə tələbatın artması isə, təbii ki, hasilatın artması ilə müşayiət olunacaqdır. Bəs dünyanın mövcud neft ehtiyatları bu tələbatı ödəyə biləcəkmi? Belə hesab edilir ki, son 30 ildə dünyada neft hasilatının səviyyəsinin yüksək artımına paralel olaraq kəşf edilmiş neft ehtiyatları da iki dəfə artmışdır. Bu, bir tərəfdən, neft yataqlarının axtarış və kəşfiyyat işlərinə dünyanın yeni-yeni regionlarının cəlb edilməsi ilə bağlıdırsa, digər tərəfdən də bu sahədə müasir texnologiyaların və daha təkmil avadanlıqların tətbiqinin nəticəsidir. Ən nikbin proqnozlara əsasən, bu gün dünyada müəyyən edilmiş neft ehtiyatları 238,2 milyard ton təşkil edir. Təqribən 25% yeni neft ehtiyatları isə hələ də aşkarlanmamışdır. Bu isə neft amilinin ən azı XXI əsrdə bəşəriyyət üçün öz əhəmiyyətini itirməyəcəyinə dəlalət edir.

Əlbəttə, bu təhlil və qiymətləndirmələr neft erasının hələ bitmədiyini təsdiqləməklə bərabər, neft bazarındakı gələcək inkişaf trendlərinin sırf təbii iqtisadi qanunauyğunluqlara nəzərən müəyyənləşməsinə əsaslanmışdır.

Neftin, həm də bir siyasi vasitə olduğunu, bu enerji növünün qiyməti ilə bağlı qeyri-sabitliyin daha çox siyasi reallıqların təsirindən qaynaqlandığını nəzərə alsaq, onda dünya siyasətinin gələcəkdə uğraya biləcəyi mümkün dəyişiklikləri də diqqətdən kənarda qoymamalıyıq. Dünyada siyasi proseslər, qlobal güclər arasındakı qüvvələr nisbəti çox sürətlə dəyişir. Bu dəyişikliklər isə, təbii ki, enerji mənzərəsində, o cümlədən neftin qiymətində də dərhal öz əksini tapır. Hazırda OPEC və OPEC-ə daxil olmayan ölkələrin birgə səyləri ilə bazarda tələb-təklif tarazlığına ciddi hazırlıq görüldüyü və müəyyən müsbət gözləntilərin yarandığı vaxtda okeanın o tayında cərəyan edən hadisələrin nəticəyə təsir etməsi mümkün ehtimaldır. Noyabrın 9-da növbəti 4 il müddətinə ABŞ Prezidenti seçilən respublikaçı Donald Trampın rəhbərliyi dövründə Ağ evin siyasi və iqtisadi kursunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir. Onun seçki kampaniyası dövründə verdiyi bəyanatlara istinad etsək, rəsmi Vaşinqtonun ölkənin enerji müstəqilliyinin təmin olunması və Səudiyyə Ərəbistanından neft idxalına son qoyulması, Amerikada neft istehsalına tətbiq edilən bütün qadağaların ləğvi və hökumətin neft şirkətlərinə dəstək verməsi və s. bu kimi addımlarına yaxın perspektiv kimi yanaşa bilərik. Bütün bunlar isə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması, istehlakçı çevrəsinin məhdudlaşması demək olar. Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimallardır.

Bu ehtimalların ölkəmizə təsirinə gəlincə isə, son dövrlər geniş vüsət götürmüş davamlı islahatlarla yeni iqtisadi inkişaf modelinə keçən Azərbaycanın neft amilindən asılılığı aradan qaldırmaq üçün reallaşdırdığı intensiv tədbirlər qlobal proseslərin ölkəmizə istənilən ziyanlı müdaxiləsini minimallaşdırır. Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi kursu, məqsədyönlü strategiya istənilən situasiyada hər hansı konkret amildən asılı olmayaraq Azərbaycan dövlətinin gələcək inkişafını təmin edəcəkdir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.