Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.
“İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılmışdır. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabçaların müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı kitabçaların müəllifi isə Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.
Təqdimat mərasimində çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Tarix İnstitutu ilə kitabxana arasında birgə əməkdaşlıqdan söhbət açıb: “Diqqətinizə çatdırıram ki, Tarix İnstitutu ilə Prezident Kitabxanası on ildən artıqdır ki, səmərəli əməkdaşlıq edir. İnstitutun nəşr etdirdiyi bir çox kitabların ilk təqdimatının məhz bizim kitabxanada keçirilməsi artıq ənənə şəklini almışdır. Prezident Kitabxanasında Azərbaycanın dövlətçilik tarixinə, dövlət rəmzlərinə, erməni vandalizminə, erməni cinayətlərinə, 20 Yanvar və Xocalı faciələrinə dair elektron resurslar hazırlanmışdır ki, həmin resursların hazırlanması zamanı ilk növbədə Tarix İnstitutunun əməkdaşlarının əsərlərindən istifadə edilmişdir. Tarix İnstitutunun nəşrlərinin elektron versiyaları da ilk növbədə bizim kitabxananın “Elektron kitablar” bölməsində yerləşdirilir.
Xatırladıram ki, dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yazılan və müəllifləri Dövlət mükafatına layiq görülən “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının Azərbaycan, ingilis və rus dilində versiyalarının təqdimatı da ilk olaraq bizim kitabxanamızda keçirilmişdir. 2014-cü ildə ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirәsindә cənab Prezident İrəvan xanlığı haqqında həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kiçik həcmli broşürlərin buraxılmasını aidiyyəti təşkilatlara tapşırmışdı.
Bu gün biz Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş yeni nəşrlərin təqdimatına toplaşmışıq. Həmin nəşrlərdən ikisinin - “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” bröşürlərinin müəllifi Nazim Mustafa həm Prezident Kitabxanasının, həm də Tarix İnstitutunun əməkdaşıdır. Həmin bröşürlərin yazılmasında kitabxanamızda erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilmişdir. Bu barədə hörmətli Yaqub müəllim yazdığı ön sözdə xüsusilə vurğulamışdır. Digər ikisinin müəllifi tanınmış tarixçi alim Güntəkin Nəcəflidir. Bröşürlərin məziyyəti haqqında hörmətli alimlərimiz ətraflı məlumat verəcəklər. Mən sadəcə olaraq, arzu edirəm ki, Tarix İnstitutu bundan sonra da İrəvan xanlığının sosial-iqtisadi, mədəni həyatının digər mühüm istiqamətlərini özündə əks etdirən kiçik həcmli bröşürlər hazırlayıb nəşr etdirsin. Hesab edirəm ki, bu bröşürlərin diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xarici ölkələrdə yayılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaqdır”.
Tarix İnstitutunun direktoru Y.Mahmudov çıxışında qeyd edib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı”.
“Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanları yerlə yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər”, - deyə institut direktoru bildirib.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabçada Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin – qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Tarixçi-alim Nazim Mustafa yazır: “Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər”.
Tədbirdə bildirilib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Qeyd edək ki, Xan sarayını 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tikdirib.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” adlı kitabçada qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər.
Tarixçi-alim Güntəkin Nəcəflinin “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” adlı əsərində 400 ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin – İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitabça İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr olunub. Xatırladaq ki, İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib.
“Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərdə qeyd edilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistan Respublikasının ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı: “Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının – Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər”.
Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs ediblər.
Qeyd edək ki, bu kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
1news.az