Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Prezidentinə sərgi barədə məlumat verdi. Bildirildi ki, Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.
Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də sərgi mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərinin və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da önəmlidir.
Dövlətimizin başçısı sərginin pavilyonları ilə yaxından tanış oldu.
1news.az