Noyabrın 20-də saat 22:30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşmış, kranın qırılan hissəsi dənizə düşüb.
1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.
Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
1news.az