Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Sərxan İbayevdir.
Sərxan İbayev 1994-cü ildə İmişlidə anadan olub. Orta məktəb illərindən olimpiada komandasının üzvü seçilib. Uşaqlıqdan dəqiq fənlərə marağı olduğundan dərslərdən əlavə kompüter elmləri üzrə xüsusi tədris alıb, komandanın üzvü olaraq bir sıra fənn və beynəlxalq olimpiadalarda iştirak edib. Orta təhsilini 2 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 6 medalla başa vurub.
Ali təhsil almaq üçün Kanadanın Toronto Universitetini seçən Sərxan burada kompüter elmləri üzrə biliklərə yiyələnib. Hazırda Sərxan İsveçin Çalmers Texnologiya Universitetində kompüter sistemləri və şəbəkələri üzrə magistratura təhsili alır.
-Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Texnologiya və mühəndislik sahələri üzrə dünyada qabaqcıl sayılan universitetlərdə təhsil almağım seçdiyim ixtisasa uyğun yüksək səviyyədə yetişməyimə imkan yaradır. Eyni zamanda bu universitetlər ümumi dərslərdən əlavə olaraq, öz elmi araşdırma sahələrinə uyğun spesifik dərslər təklif edir. Gələcəyin texnologiyaları üzrə indidən məlumatlanmaq və bu sahələrdə birbaşa araşdırma edən professorlardan tədris almaq əvəzolunmaz təcrübədir.Kanada və İsveçdəki universitetlər dərslərdən əlavə praktikaya çox üstünlük verir. Nəzəriyyədən başqa konseptlərin tətbiqini görmək artıq universitet illərindən etibarən oxuduğum sahə üzrə təcrübə qazanmağıma birbaşa kömək olur.
- Niyə məhz bu ixtisası seçdiniz?
-İlk dəfə 7-ci sinifdə informatika müəllimim tərəfindən proqramlaşdırma ilə tanış olmuşam. Riyaziyyata çox marağım olduğuna görə gələcəkdə hər hansı bir riyazi sahə üzrə təhsil almaq istədiyimi bilirdim.Proqramlaşdırmanın riyazi məntiqin tamamilə başqa bir tərəfindən tətbiq olunması mənim bu sahəyə marağımın artmasına səbəb oldu. Bakalavr təhsilim isə artıq mənə bu ixtisas üzrə istiqamət seçimində qərar verməkdə kömək oldu.
-Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Kanada təhsilində rəqabət böyük üstünlük daşıyırdı. Həftəlik kurs yükü çox ağır olduğuna görə vaxtımın böyük bir qismi sadəcə universitet materiallarını bitirməyə sərf olunurdu. İsveçdəki təhsil isə nisbətən daha çox azaddır.Universitet tələbələrə imkan yaradır ki, öz ixtisas sahələrindən əlavə olaraq fərdi inkişaf üçün vaxta və şəraitə sahib olsunlar.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?
- Toronto Universitetində təhsil aldığım müddətdə universitetdaxili Azərbaycanlı Tələbələr Assosiasiyasının üzvü olmuşam və idarə heyətində fəaliyyət göstərmişəm. Həmin illərdə Kanadadakı səfirliyimiz və orada yaşayan azərbaycanlılar ilə birlikdə həm tariximizin, həm də mədəniyyətimizin tanıdılması, xüsusilə Dağlıq Qarabağ münaqişə ilə bağlı həqiqətlərin Kanada ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlərin, konfrans və yürüşlərin təşkilində iştirak etmişəm.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
-Düşünürəm ki, müəllim-tələbə münasibəti keyfiyyətli təhsil almaq üçün əsas amillərdən biridir. Hər iki universitetdə professorlar dərs keçməkdən əlavə vaxtlarının böyük bir qismini istər fərdi olaraq, istərsə dərslər, istərsə də karyera seçimləri barədə tələbələrə kömək etməklə keçirirlər. Universitet təşviq edir ki, tələbələr dərslərdən əlavə olaraq müəllimlərlə istənilən problem barədə həmişə əlaqə saxlamaqdan çəkinməsinlər.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
-Kanada çoxirqli ölkə olduğundan tələbələrin hansı ölkədən gəldiyini belə demək çox çətin idi. Kanadada həm ölkə olaraq, həm də universitet olaraq heç bir zaman tələbələr arasında fərq olmayıb. Universitetin yaratdığı bütün imkanlar və təqdim etdiyi xidmətlər irqindən asılı olmayaraq hər kəsə açıq idi. İsveçdə isə xarici tələbələr nisbətən azlıq təşkil edir. Təhsil müddətində ara-sıra dil problemlərini nəzərə almasaq, heç bir çətinliklə üzləşməmişəm.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-Azərbaycanda ali təhsil almadığıma görə bu suala cavab vermək bir qədər çətindir. Düşünürəm ki, xüsusilə mənim oxuduğum sahədə praktikaya daha çox üstünlük verilməsi tələbələr üçün artıq universitet illərindən nəzəriyyənin təcrübəyə çevrilməsində kömək olacaqdır.
- Çətinlikləriniz varmı?
-Kanadaya ilk getdiyimdə çox gənc olduğumdan tək yaşamağa öyrənməkdə bir qədər çətinlik çəkirdim. İsveçdə isə bütün xidmətlər birbaşa internet üzərindən əldə edildiyi üçün çox az çətinlik çəkdim.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
-Oxuduğum ixtisas çox sürətli inkişaf edir və yeniliklərlə doludur. Ona görə asudə vaxtlarımda texnologiya jurnalları oxuyuram, öz sahəmdə yeniliklər barədə məlumat qazanmağa çalışıram.
-Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir?
-Təhsilimi doktorantura səviyyəsində davam etdirmək ən əsas planlarımdan biridir. Kanadadakı təhsilim mənə kompüter elmlərinin bir çox sahəsi barəsində məlumatlanmaq və təcrübə qazanmaq imkanı yaratdı. Magistr təhsilim isə yüksək texnologiyalarda və simulasiya sistemlərində istifadə olunan xüsusi bir sahə üzrədir. Doktorantura təhsili mənə bu sahədə qabaqcıl universitetlərin birində elmi araşdırmaçılarla işləmək və təcrübə qazanmaq üçün fürsət yaradacaqdır. Gələcəkdə əsas məqsədim isə yüksək texnologiyalar üzrə elmi araşdırma laboratoriyalarında işləmək və eyni zamanda akademik fəaliyyət göstərməkdir. Xaricdə yetərli təcrübəni qazandıqdan sonra isə Azərbaycanda bu sahədə tədris verən universitetlərdə akademik fəaliyyətimi davam etdirmək əsas məqsədlərimdən biridir. Yüksək texnologiyalarda istifadə olunan infastrukturların Azərbaycanda həm tətbiqində, həm də tədrisində fəaliyyət göstərə bilmək mənim üçün karyeramın böyük bir uğur nöqtəsi olacaqdır.
-Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Məsləhət verməkdən həmişə çəkinən bir insan olmuşam. Ancaq məncə, gənclər artıq orta məktəb illərindən gələcəkdəki karyera istiqamətini düzgün müəyyənləşdirməlidirlər. Arzuladıqları ixtisasdan tam əmin olduqdan sonra həm bu ixtisas üzrə təhsil, həm də təcrübədə çalışqanlıq və əzmkarlıq əldə edə bilərlər.
1news.az