İqtisadi İsalahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) eksperti Dr. Krassen Stançevin iştirakı ilə “Gəlir-xərc analizi” mövzusunda treyninq keçirilib.
1news.az-a İİTKM-dən verilən xəbərə görə, treninqdə iri dövlət və özəl layihələrin hazırlanması və əsaslandırılması prosesində lazım olan analiz metodları təqdim edilib. Spesifik olaraq, gəlir-xərc analizinin əhatə elədiyi məsələlər, dövlət və özəl müəssisələrin gəlir-xərc analizində yaranan fərqlər barədə məlumat verilib, bir sıra maraqlı nümunələr göstərilib. Bundan əlavə ekspert detallı gəlir-xərc analizi aparmaq üçün lazım olan elmi ədəbiyyat haqqında məlumat verib, onları əldə etmək metodları haqqında öz təcrübəsini bölüşüb.
İİTKM-in Konsaltinq və Treninq Koordinatoru Kamil Ələsgərov bildirib ki, bu treninqin keçirilməsi Mərkəz üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İİTKM mandatından irəli gələrək bir sıra dövlət proqramları ürzə müxtəlif gəlir-xərc analizlərini aparmalı, effektiv layihə idarəetməsinin formalaşması üçün bu yanaşmaları həm dövlət, həm də özəl sektorda təşviq etməlidir. Bu treninq “Gəlir-xərc analizi və effektiv idarəetmə” sırasından olan ilk treninqdir və mövzunun davamlı olması, sonrakı mərhələlərdə daha detallı və uzunmüddətli treninqlərin keçirilməsi planlaşdırılır.
Sonda ekspert həm dövlət, həm də özəl strukturları təmsil edən iştirakçıların maraqlı suallarını cavablandırıb.
1news.az